Metodoloji izahlar
Ətraf mühit həyatın keyfiyyətinə, yaşayış şəraitinə və insanın səhhətinə təsir edən komponentlərin məcmusudur. Atmosfer havası, su, torpaq, yerin təki, heyvanat və bitki aləmi ətraf mühitin komponentləridir.
Ətraf mühitin çirklənməsi bərk, maye və qazaoxşar tullantıların təbii mühitə: atmosferə, hidrosferə, torpağa atılması ilə nəticələnən insanın təsərrüfat-məişət fəaliyyəti ilə ətraf mühitin fiziki-kimyəvi dəyişikliklərə uğraması, səs-küy, istilik, radiasiya, ionlaşdırıcı şüalanma, ultrasəs dalğaları, titrəmə və sair kimi xoşagəlməz fiziki amillərin meydana gəlməsi deməkdir. Ətraf mühitin çirklənməsi çirklənmənin sanitariya-gigiyena normativlərindən artıq olması dərəcəsi ilə səciyyələndirilir.
Ekoloji cəhətdən xüsusi qorunan ərazilərin tərkibinə qoruqlar və milli parklar daxil edilmişdir.
Qoruqlar təbii kompleksin qorunub saxlanılması və onun istər qoruğun sərhədləri daxilində, istərsə də ondan kənardakı ekoloji şəraitlə müqayisə edilərək öyrənilməsi üçün coğrafi zonaların təsərrüfat istifadəsindən çıxarılmış nadir və ən tipik sahələridir.
Çirkləndirilmiş sular çirkli istehsal və məişət (kommunal) sularını (şaxta, mədən, lay, drenaj suları da daxil edilməklə), habelə heç bir təmizləmə işi aparılmadan və ya lazımi dərəcədə (tam) təmizlənmədən təbii səthi su obyektlərinə daxil olan və tərkibindəki çirkləndirici maddələr icazə verilən normalardan çox olan yaylım tullantılarını özündə birləşdirir. Süzmə sahələrinə, təbii və ya süni toplayıcılara, yerli relyeflərə və s. daxil olan çirkabın həcmi, kollektor-drenaj sularının əsas hissəsi və leysan suları bu göstəriciyə daxil edilmir.
Zərərli maddələri atmosfer havasına atan stasionar mənbələr mütəşəkkil və qeyri-mütəşəkkil olaraq iki qrupa bölünür. Mütəşəkkil mənbələrə zərərli maddələri qaz və ya hava buraxan sistemlər (tüstü boruları, aerasiya fənərləri, ventilyasiya şaxtaları və s.) vasitəsilə havaya atan və bu zaman, bir qayda olaraq, zərərli məhsulları tutub zərərsizləşdirmək üçün müvafiq qaztəmizləyici və toztutan qurğulardan istifadə edən qeyri-səyyar mənbələr aid edilir. Texnoloji aqreqatların hermetik olmaması, müxtəlif çənlərin, yükvurma-yükboşaltma sistemlərinin (məsələn, sement boşaltma yerlərinin) toz və qaztəmizləyici avadanlıqlarla təchiz edilməməsi nəticəsində havaya zərərli maddələr tullayan mənbələr qeyri-mütəşəkkil stasionar mənbələr hesab edilir. Yanan terrikonlar, tüstülənən laylar və s. həmçinin buraya aid edilir.
Ayrı-ayrı ev təsərrüfatlarının istilik sistemləri (sobalar, kaminlər və s.) yuxarıda göstərilən havaçirkləndirici mənbələrə daxil edilmir.