Metodoloji izahlar
Təhsil
Məktəbəqədər təhsil müəssisələri – məktəb yaşına çatmamış uşaqların tədris-tərbiyə alması üçün müəssisələrdir. Məktəbəqədər təhsil müəssisələrinə il ərzində 10 aydan az olmayaraq işləyən körpələr evi (3 yaşadək uşaqlar üçün), körpələr evi-uşaq bağçaları (məktəbəqədər yaşda bütün uşaqlar üçün), uşaq bağçaları (3 yaşdan böyük uşaqlar üçün) və xüsusi uşaq bağçaları aiddir.
Məktəbəqədər təhsil müəssisələrində uşaqlar – ilin əvvəlində tərtib edilən siyahıya düşən məktəbəqədər yaşlı uşaqlar, həmçinin bu müəssisələrdə birinci sinif proqramı üzrə təhsil alanlar aid edilirlər.
Ümumi təhsil müəssisələri – uşaqlara və gənclərə savad, hərtərəfli inkişaf və estetik tərbiyə verən müəssisələrdir. Ümumi təhsil müəssisələri bir və bir neçə təhsil proqramı əsasında təhsil prosesini həyata keçirir. Ümumi təhsil müəssisələrinə ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər aid edilir.
İlk peşə ixtisas təhsil müəssisələri (peşə məktəbləri və peşə liseyləri) – müxtəlif peşədən olan nadir və ənənəvi sənətkarlıq sahələrinin dirçəlməsinə yönəldilən ilk peşə-ixtisas təhsili müəssisələridir. İlk peşə-ixtisas təhsil müəssisələrinə icbari təhsili başa vuran, sənətə meylli, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəni dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar.
Orta ixtisas təhsili müəssisələri (kolleclər) orta təhsilli peşəkar mütəxəssislər hazırlayır. Bunlara sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, iqtisadi, pedaqoji, musiqi, mədəni-maarif kollecləri, tibb, xoreoqrafik məktəbləri aiddir. Orta ixtisas təhsili müəssisələrində mütəxəssislərin hazırlanması istehsalatdan ayrılmaq və ya ayrılmamaq şərti ilə aparılır.
Ali təhsil müəssisələrinə universitetlər, akademiyalar və institutlar aiddir. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını həyata keçirir və bu hazırlıq “Bakalavriat”, “Magistratura” (tibb təhsili istisna olmaqla) və “Doktorantura” səviyyələridir.
Qeyri-dövlət ali və orta ixtisas təhsili müəssisələrinə dövlət lisenziyasına malik olan ali və orta ixtisas təhsil müəssisələri aiddir.
Təhsil müəssisələrində təhsil alanların sayına ümumi təhsil, orta ixtisas, ilk peşə-ixtisas və ali təhsil müəssisələrində təhsil alan və tədris ilinin əvvəlində siyahıya düşənlər aid edilirlər.
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
Mədəniyyət
Mədəniyyət müəssisələrinin sayı – hesabat dövrünün sonuna rəsmi olaraq qeydə alınmış müxtəlif fəaliyyət istiqamətli mədəniyyət müəssisələridir.
Kütləvi kitabxanalar – universal kitabxana fondlarına malik olan və təhsil və ixtisas səviyyəsi, dini etiqad və digər əlamətlər üzrə məhdudiyyət qoyulmadan əhalinin bütün təbəqələrinin ədəbiyyata kütləvi tələbatını təmin edən kütləvi kitabxanalardır.
Kitabxana fondu – müəyyən qaydada sistemləşdirilmiş və ümumi istifadə üçün oxucuların sərəncamına verilmiş çap əsərlərinin toplusu.İl ərzində fərdi abunə üzrə kitab götürmüş oxucuların ümumi sayı il ərzində son formulyarın (kitabxana kartoçkası) sıra nömrəsi ilə müəyyən olunur.
Klub müəssisələri - əhalinin asudə vaxtını, özfəaliyyət xalq yaradıcılığı kollektivlərinin və digər klub tipli formalaşmaların fəaliyyətini təşkil edən klubların, mədəniyyət evlərinin, incəsənət işçiləri və müəllim evlərinin, asudə vaxt mərkəzlərinin, avtoklubların və s. aid olduğu mədəni-maarif müəssisələridir.
Kinoteatrlar – xüsusi təchiz edilmiş, digər məqsədlər üçün istifadə olunmayan yerlərdə quraşdırılan stasionar kino qurğularıdır; iki, üç və daha artıq zala malik kinoteatr bir kinoteatr kimi nəzərə alınır; müstəqil müdiriyyəti olmasından və digər kinoteatrlarla ümumi müdiriyyətlə birləşdirilməsindən asılı olmayaraq kinoteatr ayrıca uçot vahidi kimi götürülür.
Peşəkar teatrlar - tərkibində peşəkar truppası olan, hüquqi şəxs sayılan - teatr sənətinin yaradıcı kollektivləridir. Onların sırasına opera və balet, musiqili komediya (operetta), dram, uşaq, gənc tamaşaçılar və kukla teatrları daxil edilir.
Konsert müəssisələrinə – filarmoniyalar, konsert salonları və sarayları, musiqi zalları, folklor qrupları, peşəkar orkestrlər və musiqi kollektivləri aiddir. Konsert fəaliyyəti vətəndaşların mədəniyyət sərvətlərindən istifadə hüququnu təmin etmək, onların bədii-estetik tələbatını ödəmək, səhnə musiqi və ifaçılıq sənəti sahəsində yaradılan bədii əsərlərdən tam və sərbəst surətdə faydalanmaq məqsədi ilə həyata keçirilir.
Muzey – tarixi, maddi mədəniyyət abidələrinin toplanması, komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət elmi-tədqiqat müəssisələridir.
- Tarix muzeyləri – geniş tarix profilli muzeylər – ümumi tarix muzeyləri (məs. muxtar respublika tarixi muzeyi), xüsusi tarix sahələrinə (arxeoloji, xatirə, etnoqrafiya muzeyləri və s.), yaxud tarix elminin müstəqil sahələrinə (məs. hərbi-tarixi muzeylər) uyğun profilli muzeylər daxildir.
- Xatirə muzeyləri – ayrı-ayrı tarixi hadisələrin və ya görkəmli şəxslərin (alimlərin, yazıçıların, rəssamların, aktyorların və s.) xatirəsi ilə bağlı materialları, sənədləri və s. toplayan və nümayiş etdirən muzeylər.
- Diyarşünaslıq muzeyləri - sənədlər toplayan və tarixi abidələri, təbiətşünaslıq və rəsm kolleksiyalarını, müəyyən coğrafi və inzibati ərazilərin xalq təsviri sənət əsərlərini nümayiş etdirən muzeylər.
- İncəsənət muzeyləri – bu muzeylərin sırasına rəssamlıq muzeyləri, şəkil qalereyaları, təsviri incəsənət muzeyləri, memarlıq muzeyləri və s., həmçinin eksponatları ilə musiqi, teatr sənətinin inkişafını səciyyələndirən muzeylər aid edilir.
Mədəniyyət və istirahət parkları – yerli, muxtar respublika və beynəlxalq səviyyəli təntənəli mərasimlərin, konsertlərin, tamaşaların, bayramların, mühazirələrin, seminarların, müsabiqələrin, festivalların, sərgilərin, satış-yarmarkaların və əhalinin asudə vaxtının mədəni-maarif təşkilinə yönəldilmiş sair tədbirlərin keçirilmə yerləridir;
Tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqları – tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlərdir.
Daşınmaz tarixi - mədəniyyət abidələri – tarix və mədəniyyət abidələri arxeoloji və memarlıq obyektləri, etnoqrafik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur.
Mədəniyyət və incəsənət müəssisələrinə gələnlərin sayı - teatr tamaşası, konsert və digər tamaşalarda tamaşaçıların sayının göstəricisi. Satılmış biletlərin ümumi sayına əsasən müəyyən olunur.
Səhiyyə və sosial təminat
Həkimlərin ümumi sayına - müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, elmi tədqiqat institutlarında, kadr hazırlanması ilə məşğul olan müəssisələrdə, səhiyyə orqanları aparatında və s. yerlərdə işləyən ali tibbi təhsilli bütün peşə həkimləri daxil edilir.
Orta tibb işçilərinin ümumi sayına - müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, məktəbəqədər müəssisələrdə, məktəblərdə, uşaq evlərində və s. yerlərdə işləyən orta tibbi təhsilli bütün şəxslər aid edilir.
Xəstəxana müəssisələrində inventar ilə təchiz edilmiş və xəstələr tərəfindən tutulub-tutulmamasından asılı olmayaraq, xəstələri qəbul etməyə hazır olan çarpayılar uçota alınır.
Əhaliyə ambulatoriya - poliklinika yardımı göstərən tibb müəssisələrinin sayına ambulatoriya qəbulu ilə məşğul olan bütün tibb müəssisələri (poliklinikalar, ambulatoriyalar, dispanserlər, xəstəxanaların poliklinika şöbələri, həkim səhiyyə məntəqələri və s.) aid edilir.
Əlillik - xəstəliklər, zədə fəsadları və fiziki qüsurlar nəticəsində orqanizmin funksiyalarının pozulması ilə əlaqədar olaraq, insanın həyat fəaliyyətini məhdudlaşdıran və onu sosial müdafiəsini zəruri edən səhhət pozulmasıdır.
İlkin əlillik - əlilliyin ilk dəfə hesabat ilində təyin edilməsidir.
Əlillərin ümumi sayına əhalinin sosial müdafiəsi orqanlarında qeydiyyatda olub pensiya və müavinətlər alan əlillər, eləcə də sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar daxildir.
Pensiyaçılar - Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununda nəzərdə tutulmuş şərtlər daxilində hesabat ilinin əvvəlinə yaşa, əlilliyə və ya ailə başçısının itirilməsinə görə hər ay pul vəsaiti şəklində maddi təminat alan şəxslərdir.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği - təyin olunmuş aylıq pensiyaların ümumi məbləğini sosial müdafiə orqanlarında qeydiyyatda olan pensiyaçıların sayına bölməklə müəyyən edilir.
Yaşa və əlilliyə görə əmək pensiyası - baza, sığorta və yığım hissəsindən, ailə başçısını itirməsinə görə əmək pensiyası isə baza və sığorta hissəsindən ibarətdir.
Sosial müavinətlər - Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyalardan olan şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Aztəminatlı ailə - orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarı məcmusundan aşağı olan ailədir.
Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.