Qrafiklər
Sənaye məhsulu, min manat
Lights
Sənaye məhsulunun mülkiyyət növlərinə görə bölgüsü, min manat
Lights
Sənayedə işçilərin orta sayının mülkiyyət növlərinə görə bölgüsü, nəfər
Lights
Sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı, manat
Lights
Sənaye sahəsinə yönəldilən vəsaitlər, min manat
Lights

Metodoloji izahlar

Sahibkarlıq - gəlir əldə etmək məqsədilə malların buraxılışı və xidmət göstərilməsi üçün istehsal vasitələri və digər iqtisadi aktivlərlə canlı əməyin birləşməsinə yönəldilmiş iqtisadi fəaliyyətdir.

Sənaye – işçilərinin əməyi əsas etibarı ilə təbiətdə mövcud olan və süni surətdə təkrar olunmayan maddi nemətlərin əldə olunmasına, bu nemətlərin emalına, həmçinin kənd və meşə təsərrüfatı məhsullarının emalına yönəldilmiş maddi istehsal sahəsidir.

Sənaye məhsulu əmtəə və yaxud istehsal xidmətləri (sənaye xarakterli iş) formasında ifadə edilən, müəssisənin fəaliyyətinin birbaşa səmərəli nəticəsidir (istehsal strukturu çərçivəsində əməyin nəticəsilə əldə edilmiş nemət).

Əmtəə - həcmi natura ölçü vahidi şəklində ifadə oluna bilən, müəssisədə yaradılan məmulat, detallar hesab olunur.

Hazır məhsul-satış və ya istehlakçılara göndərmək üçün hazır olan və ticarət müəssisələrinə, yaxud istehlakçılara göndərilənədək istehsalçıda saxlanılan, gələcəkdə emal üçün nəzərdə tutulmayan məhsullardır.

Dəyər ifadəsində sənaye məhsulunun həcminə hesabat dövründə sənaye və qeyri-sənaye müəssisə və təşkilatları tərəfindən istehsal edilmiş hazır məhsulun və kənara satılmış yarımfabrikatların (həm özünün xammal və materiallarından, həm də sifarişçinin xammal və materiallarından) dəyəri, habelə sifarişlər üzrə yerinə yetirilmiş sənaye xarakterli işlərin, xidmətlərin dəyəri daxil edilir. Sənaye müəssisəsinin istehsal etdiyi, lakin müəssisə daxilində sənaye-istehsal ehtiyacları üçün istifadə edilmiş mal və xidmətlərin dəyəri həmin müəssisənin məhsul buraxılışı həcminə daxil edilmir. Sənaye məhsulunun dəyər ifadəsində həcmi hesabat dövrünün cari (faktiki qüvvədə olan) qiymətləri ilə və sabit (müqayisəli) qiymətlərlə qiymətləndirilir.

Sənaye məhsulunun fiziki həcm indeksi – istehsal olunmuş sənaye məhsulunun müqayisə edilən dövrlərdə dəyişməsini (qiymət amili nəzərə alınmadan) xarakterizə edən nisbi göstəricidir.

Natura ifadəsində sənaye məhsulları istehsalı konkret növ məhsulun natura ifadəsində istehsalını əks etdirir. Bir qayda olaraq, istehsalçı müəssisənin öz sənaye-istehsal ehtiyacları üçün istifadə etdiyi məhsullar da nəzərə alınmaqla göstərilir.

Müəssisələrin sayı - mövcud qanunvericiliyə uyğun olaraq, rəsmi qeydiyyatdan keçmiş bütün hüquqi şəxslərin sayının məcmusunu əks etdirir.

İşçilərin orta siyahı sayı-hesabat dövründə (ay, rüb, ilin əvvəlindən, il) işçilərin orta sayıdır. İşçilərin orta siyahı sayını müəyyənləşdirmək üçün işçilərin siyahı sayından aşağıdakılar çıxarılır: hamiləliyə və doğuşa görə məzuniyyətdə və uşağa qulluğa görə məzuniyyətdə olan qadınlar: təhsil müəssisələrində təhsil alan və əmək haqqı saxlanılmadan məzuniyyətdə olan işçilər. Natamam iş vaxtına işə qəbul edilmiş işçilər faktiki işləmiş vaxta mütənasib olaraq nəzərə alınır. Hesabat ayında işçilərin orta siyahı sayı tabel uçotunun məlumatları üzrə ayın hər bir təqvim gününün işçilərinin siyahı sayının tərkibinin toplanması və alınmış yekunun ayın təqvim günlərinin sayına bölünməsi yolu ilə hesablanır. Rüb, ilin əvvəlindən və ilə görə işçilərin orta siyahı sayı hesabat dövrünə daxil olan bütün aylar üzrə işçilərin orta siyahı sayının toplanması və alınmış yekunun ayların sayına bölünməsi yolu ilə hesablanır. Əgər müəssisə ili tam işləməmişsə (işin mövsümi xarakteri və ya yeni istifadəyə verilməsi ilə əlaqədar olaraq), onda işçilərin orta siyahı sayı müəssisənin işlədiyi bütün aylar üzrə işçilərin orta siyahı sayının toplanması və alınmış yekunun 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Sənayedə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə, işə götürən tərəfindən pul və natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur.

Əmək haqqı fondu - müəssisənin (təşkilatın) işçilərinə işlənilmiş vaxta görə (yerinə yetirilmiş işlərə görə), həmçinin əmək qanunvericiliyinə müvafiq olaraq ödənilməli olan işlənilməmiş vaxta görə müəssisənin (təşkilatın) işçilərinə hesablanmış əməyin ödənilməsi fondunun bir hissəsidir.

Sənayedə çalışanların orta aylıq əmək haqqı - cari dövr üçün əmək haqqı fondunu sənayedə çalışanların orta siyahı sayına bölmək və alınmış nəticəni hesabat dövründəki ayların sayına bölməklə hesablanır.

İstehsal təyinatlı əsas fondlar - istehsal sahəsində uzun müddət ərzində dəyişməz natura formasında fəaliyyət göstərən, maddi nemətlər istehsalında dəfələrlə iştirak edən, köhnəldikcə öz dəyərini amortizasiya ayırmaları şəklində yeni yaradılan məhsulun üzərinə hissə-hissə keçirən əmək vasitələrinin məcmusudur. İstehsal təyinatlı əsas fondların tərkibinə binalar, tikililər, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, alətlər və inventarlar və s. daxildir. İstehsal təyinatlı əsas fondlar istehsalda iştirakına görə aktiv və passiv hissələrə bölünür. İstehsal təyinatlı əsas fondların passiv hissəsinə binalar, qurğular və inventarlar, aktiv hissəsinə isə maşın və avadanlıqlar (güc, iş maşınları və avadanlıqları, ölçü və tənzimləyici cihazlar, laboratoriya avadanlığı və hesablama texnikası) aiddir.

Əsas fondların təzələnmə əmsalı il ərzində əsas fondların dəyərinə əlavə edilən yeni əsas fondların dəyərinin ilin sonuna mövcud olan əsas fondların dəyərinə olan nisbətini ifadə edir.

Əsas fondların sıradan çıxma əmsalı il ərzində ləğv edilmiş əsas fondların ilin əvvəlinə mövcud olan əsas fondların dəyərinə olan nisbətidir. Yüksək templi inflyasiya şəraitində bu əmsalları müqayisəli qiymətlə hesablamaq daha məqsədəuyğundur.

Amortizasiya – istehsal təyinatlı əsas fondların dəyərinin həmin fondların köməyi ilə istehsal olunmuş məhsulun üzərinə tədricən keçməsi, pul vəsaitlərinin məqsədli yığımı və sonradan onların aşınmış əsas fondların təkrar istehsalında (ödənilməsində, bərpasında) istifadəsidir. İstehsal prosesində əsas fondlar fiziki və mənəvi aşınmaya məruz qalır. Nəticədə onlar öz istehlak dəyərini itirir, onların dəyəri isə istehsal olunmuş məhsulun üzərinə keçirilir. Keçirilmiş dəyər məhsulun maya dəyərinin bir hissəsini təşkil edir və məhsulun satışından sonra müəssisəyə satışdan əldə edilən vəsaitin bir hissəsi kimi daxil olur.

Müəssisənin istehsal gücü – müəssisənin ixtisaslaşmasına və iş rejiminə uyğun olaraq, ona təhkim olunmuş əmək vasitələrindən daha dolğun istifadə etməklə il (gün, növbə) ərzində maksimum məhsul buraxılışı imkanıdır. İstehsal gücləri, həmçinin ayrı-ayrı sexlər, aqreqatlar, xətlər, qurğular üzrə də müəyyən edilir. Hər bir məhsul növü üzrə güc dəyər və natura ifadəsində müəyyən edilir. İstehsal gücləri əsas istehsalın aparıcı sexlərinin gücünə görə müəyyən edilir, bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir. İstehsal güclərinin mövcudluğu, hərəkəti və onlardan istifadə edilməsi barədə məlumatlar istehsal gücləri balansından götürülür. İcmal məlumatlara müstəqil balansda olan müəssisələrin məlumatları daxil edilir; bəzi məhsul növləri üzrə (tikinti materialları, tökmələrin bütün növləri, bükmələr, ştamplamalar, qaynaq edilmiş metal konstruksiyalar və digər məhsullar) icmal məlumatlara başqa sahələrin müəssisələrinin və qeyri-sənaye təşkilatlarının balansında olan yardımçı sənaye müəssisələri (sahələri) üzrə məlumatlar da daxil edilir. Dəyər ifadəsində göstərilən məhsul növləri üzrə istehsal gücü müqayisəli qiymətlərlə verilir. İstehsal güclərindən istifadə olunma səviyyəsi hesabat dövründə mövcud olmuş orta illik gücü və rejim vaxtı məhsul buraxılışına, xammal hasili və emalına görə müəyyən edilir. Müəssisənin orta illik istehsal gücü balans metodu ilə hesablanır. İlin əvvəlinə mövcud olmuş və il ərzində istifadəyə verilmiş (istismar olunduğu ayların sayına vurub 12-yə bölməklə) güclərin cəmindən il ərzində sıradan çıxmış, yəni ləğv olmuş (ilin axırına kimi fəaliyyət göstərmədiyi ayların sayına vurub 12-yə bölməklə) gücləri çıxmaq qaydasında hesablanır. İstismarı mənimsənilmə mərhələsinə yaxın olan müəssisə və obyektlər üzrə buraxılması nəzərdə tutulmuş məhsul istehsalının həcmi layihə gücünün mənimsənilmə normasına müvafiq olaraq müəyyən edilir.

Sənaye məhsulu istehsalına çəkilən xərclərə xammal və materiallara, yarımfabrikatlara, yanacaq və enerjiyə çəkilən xərclər, əsas istehsal fondlarının amortizasiyası, müəssisə işçilərinin əməyinin ödənilməsi məsrəfləri və sosial sığorta ayırmaları və s. xərclər daxildir.

Sənaye-istehsal təyinatlı əsas fondların orta illik dəyəri müəssisədə cari ilin hər ayın əvvəlinə mövcud olan məlumatlar əsasında xronoloji orta kəmiyyət kimi; sahə üzrə müəssisələrin sənaye-istehsal əsas fondlarının orta illik dəyərinin cəmi kimi; sənaye üzrə bütövlükdə isə sahələr üzrə sənaye-istehsal əsas fondlarının orta illik dəyərinin cəmi kimi hesablanır.

Sənaye-istehsal təyinatlı əsas fondların dəyəri - sənaye üzrə bütövlükdə və onun sahələri üzrə əsas fondların dəyər ifadəsindəki həcmi və indeksləri tam dəyərinə görə (aşınma çıxmadan) hesablanır.

Sənaye-istehsal təyinatlı əsas fondların aşınması, fondun fəaliyyət göstərdiyi bütün müddət ərzində onun tam bərpası üçün hesablanmış amortizasiya ayırmalarının ilin axırına mövcud olan əsas fondların ilkin dəyərinə nisbəti kimi hesablanır.

Fond verimi sənaye məhsulunun illik həcminin sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinə bölünməsi yolu ilə hesablanır.

Fondla silahlanma. Əməyin fondla silahlanması sənaye-istehsal təyinatlı əsas fondların orta illik dəyərinin işçilərin orta siyahı sayına nisbəti kimi hesablanır.

Sənaye məhsulu istehsalçılarının qiymət indeksi sənaye məhsulu istehsalçılarının qiymətinin dəyişməsi dinamikasını əks etdirir. İstehsalçı müəssisələr tərəfindən istehsal edilən təmsiledici əmtəələrin qeydə alınması yolu ilə bu qiymətlərin dəyişməsi üzərində aparılan müşahidə əsasında müəyyənləşdirilir. Məhsul istehsalçılarının qiymətlərinin dəyişməsi üzərində müşahidə baza müəssisələrinin seçmə şəbəkəsi üzrə aparılır. Bütövlükdə, sənaye və onun sahələri üzrə toplu indeksləri hesablamaq üçün əvvəlki ildə sənaye istehsalının sahə strukturundan istifadə edilir.

Məhsul vahidinin orta qiyməti - konkret ayrı-ayrı istehsalçılarda qiymət səviyyəsindən orta hesabi kəmiyyətin tapılması yolu ilə müəyyənləşdirilir.