Metodoloji izahlar
Nəqliyyat vasitəsi. Muxtar respublikanın ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların, o cümlədən dəmir yolu, avtomobil və hava yolu ilə daşınma vasitələridir.
Nəqliyyat fəaliyyəti növləri. Dəmir yolu vasitəsilə şəhərlərarası əlaqədə sərnişin və yük daşınması, hərəkət cədvəlinə tabe olan və cədvələ tabe olmayan avtobus nəqliyyatı ilə şəhərdaxili, şəhərətrafı və şəhərlərarası əlaqədə sərnişin daşınması, taksi fəaliyyəti, yük avtomobili nəqliyyatı, hava nəqliyyatı ilə yük və sərnişin daşınması, liman fəaliyyəti, yük daşınmasının təşkili, nəqliyyat-ekspeditor fəaliyyəti, quru və hava nəqliyyatının yardımçı fəaliyyəti nəqliyyat növləri fəaliyyətinə daxil edilir.
Ümumi istifadədə olmayan dəmir yol xətti. İstismar edilən dəmir yolu xəttinin “giriş yolunun sərhədi” işarəsi ilə nişanlanmış yerdən başlayaraq dəmir yolu xəttinin sonuna qədər olan və istifadə olunan hissə başa düşülür. Bu yol müəssisələr və ümümi istifadədə olan dəmir yolu arasındadır və ayrı-ayrı təsərrüfatlara xidmət etməklə həmin təsərrüfatların yüklərinin ümumi istifadədə olan dəmir yolu vaqonlarına vurulması üçün nəzərdə tutulub. Ümumi istifadədə olan dəmir yolu şəbəkəsinə çıxışı olmayan yolların istismar edilən hissəsi müəssisələrin obyektlərinin son məntəqələri arasında olan yolların istiqamətlərinə əsasən müəyyən edilir.
Magistral dəmir yolları. Ümumi istifadədə olan dəmir yollarının uzunluğudur.
Dəmir yolu nəqliyyatına yüklənmişdir. Dəmir yolu ilə daşımaq üçün işçi parkı vaqonlarında vaqona yığılmış (vurulmuş) yükün ümumi həcmini xarakterizə edir. Yüklənmiş yüklər fiziki vaqonların sayı və tonla ölçülür.
Yükləmə məntəqəsi. Daşıma məqsədləri üçün dəmir yolu nəqliyyatı vasitələrinə yük vurulduğu məntəqə hesab olunur. Bir dəmir yolu nəqliyyat vasitələri heyətinə yük vurulursa və sonradan həmin heyətin (dartqı qüvvəsinin və ya növbənin) dəyişməyindən asılı olmayaraq yük yenidən doldurulub boşaldılmırsa, yük məntəqəsi dəyişməz qalır. Dəmir yolu ilə yük daşınmaları növlərinə görə kommersiya və xidməti yük daşımalarına ayrılır. Kommersiya yük daşımaları maraqlı tərəfin daşımalar üzrə ödənişi əsasında həyata keçirilir. Xidməti yük daşımaları dəmir yol müəssisəsinin öz daxili ehtiyaclarını ödəmək üçün gəlir əldə etməsindən asılı olmayaraq daşıdığı yükləri ifadə edir.
Milli (yerli) yük daşınması. Muxtar respublikanın daxilində yerləşən iki yükvurma və yükboşaltma stansiyaları arasında daşımaları əhatə edir. Bu daşınmalara digər ölkələrə göndərilməsi nəzərdə tutulan tranzit yüklər də daxil edilir. Dəmir yolu nəqliyyatında yük daşınmasının ümumi həcmi hesablanarkən daxili daşımalar, gətirilmiş yüklər (idxal), göndərilmiş yüklər (ixrac) və tranzit yüklər cəmlənir.
Beynəlxalq əlaqədə dəmir yol daşımaları. İki müxtəlif ölkədə yerləşən iki yükvurma və yükboşaltma məntəqələri arasında daşınmış yüklərin miqdarını ifadə edir. Bu daşımalar, həmçinin özündə digər bir ölkədən üçüncü və daha artıq ölkəyə göndərilməsi nəzərdə tutulan yükləri də əhatə edir.
Beynəlxalq tranzit yüklər. Hər hansı bir ölkənin yükünü digər ölkəyə çatdırmaq üçün muxtar respublika ərazisində daşınmış yükdür. Ola bilər ki, yükvurma və yükboşaltma məntəqələrindən biri və ya hər ikisi hər hansı digər ölkələrdə yerləşsin.
Dəmir yolu nəqliyyatı ilə yük dövriyyəsi. Daşınmış yükün tonla miqdarını hər bir yol həddində yükdaşımaların ən qısa məsafəsinə vurulması yolu ilə hesablanır. Muxtar respublika üzrə yük dövriyyəsi onun ərazisindən keçən və bir dəmir yolu xətti üzrə hesablanmış yük dövriyyələrinin yekunu kimi hesablanır.
Dəmir yolu vasitəsi ilə sərnişin daşınması. Bütün stansiyalardan uzaq məsafələrə və şəhərətrafı xətlər üzrə yola salınmış sərnişinlərin cəmidir. Bu göstərici hesablanarkən muxtar respublikanın öz stansiyalarından yola salınmış, xarici ölkələrdən gəlmiş, habelə beynəlxalq marşrutlar üzrə bu muxtar respublikaya tranzit yolu ilə gəlmiş sərnişinlərin hamısı nəzərə alınır.
Dəmir yolu nəqliyyatı ilə sərnişin dövriyyəsi. Daşınmış sərnişinlərin sayını onların daşınmasının tarif məsafəsinə vurmaq yolu ilə hesablanır.
Hava nəqliyyatında daşınmış sərnişinlərin sayı. Tarif tətbiq edilməsindən asılı olmayaraq, daxili və beynəlxalq hava xətləri, habelə bunlardan kənar xətlər üzrə bütün uçuş növlərində muxtar respublikanın nəqliyyat və sanitariya təyyarələri və vertolyotları vasitəsilə daşınmış bütün sərnişinlər (tranzit sərnişinlərin göndərilməsini çıxmaqla, sifarişli reyslər ilə sərnişin daşınmasını da daxil etməklə) daxil edilir.
Hava nəqliyyatının sərnişin dövriyyəsi. Hesabat dövründə muxtar respublikanın aviasiya nəqliyyatının təyyarə və vertolyotları ilə daşınmış sərnişinlərin sayının sərnişinlərin daşınma məsafəsinə vurulması və vurma hasillərinin cəmlənməsi ilə müəyyən edilir.
Hava nəqliyyatı ilə yük (poçt) daşınması. Aviasiya nəqliyyatının təyyarə və vertolyotları ilə, bütün uçuş növlərində daxili və beynəlxalq əlaqə üzrə muxtar respublikanın xüsusi təyinatlı aviasiyası ilə daşınan bütün yükləri, poçtu və pullu baqajı əhatə edir. Uçuşun təyinatı ilə əlaqədar olaraq tapşırıqların yerinə yetirilməsi üçün təyyarələrin lazımi təchizatı xüsusi təyinatlı aviasiya təyyarələri ilə daşınmış yüklərə aid edilmir.
Hava nəqliyyatı ilə daşınan yüklərin dövriyyəsi. Yükün (poçt və pullu baqaj da daxil edilməklə) tonla miqdarının daşınma məsafəsinə vurulmasından alınan hasillərin cəmi ilə müəyyənləşdirilir.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması. Tətbiq edilən tarifdən asılı olmayaraq avtobuslar və minik taksiləri vasitəsi ilə muxtar respublika daxilində (şəhər nəqliyyatı da daxil olmaqla) və beynəlxalq marşrutlarda yoladüşmə məntəqəsindən təyinat məntəqəsinə sərnişin daşınmasıdır.
Əlaqə növləri üzrə sərnişin daşınması. Sərnişinlərin istiqamətlər üzrə daşındığını göstərir.
Şəhərdaxili əlaqə şəhərin inzibati-ərazi hüdudları (rayon mərkəzləri də daxil olmaqla) daxilində həyata keçirilən daşımaları ifadə edir.
Şəhərətrafı əlaqə dedikdə eyni region ərazisində (şəhərdaxili istisna olmaqla), rayon mərkəzi və onun kəndləri, habelə kəndlər arasında daşınmalardır.
Şəhərlərarası əlaqə muxtar respublika daxilində şəhər və rayonlar arasında olan əlaqədir.
Beynəlxalq əlaqə muxtar respublika və digər ölkə arasında olan daşınmadır. Əgər daşınma müxtəlif istiqamətlərdə, qarışıq həyata keçirilərsə qarışıq əlaqə kimi qeyd olunmalıdır.
Bir sərnişinin orta daşınma məsafəsi. Sərnişinlərin bir gediş məsafəsidir.
Avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi. Daxili və beynəlxalq xətlərdə daşınmış sərnişinlərin sayını onların daşınma məsafəsinə vurmaqla hesablanır.
Minik taksilərində sərnişin dövriyyəsi avtomobilin sərnişinlə yüklü yürüşünü (orta daşınma məsafəsini) bir reys üzrə orta hesabla daşınmış sərnişinlərin (2 sərnişinə bərabər götürülür) sayına vurulması qaydasında hesablanır.
Avtomobil nəqliyyatı ilə yük daşınması. Əsas fəaliyyətindən asılı olmayaraq yük avtomobilləri, pikaplar, minik furqonları və avtoqoşqular vasitəsilə daşınan yüklərin həcmidir.
Əlaqə növləri üzrə yük daşınması. Yükün istiqamətlər üzrə daşındığını göstərir.
Yerli əlaqədə yük daşınması. Yükləmə və boşaltma məntəqələri muxtar respublikanın ərazisində yerləşməklə iki məntəqə arasında həyata keçirilən yük daşınmalarıdır.
Şəhərdaxili əlaqə şəhərin (rayon mərkəzləri də daxil olmaqla) daxilində həyata keçirilən daşımaları ifadə edir.
Şəhərətrafı əlaqə dedikdə eyni region ərazisində (şəhərdaxili istisna olmaqla), rayon mərkəzi və onun kəndləri, habelə kəndlər arasında daşınmalardır.
Şəhərlərarası əlaqə muxtar respublikanın daxilində şəhər və rayonlar arasında olan əlaqədir. Beynəlxalq əlaqədə yük daşınması.
Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi. Avtomobil nəqliyyatı vasitəsinin hər birinin bir reysində daşınmış yükün miqdarının onun daşıdığı məsafənin uzunluğuna vurulması qaydasında hesablanır. Bu qayda əsasında hesablanmış ton-kilometrlər cəmlənir. Buna uyğun olaraq yük avtomobillərinə və yaxud dartıcılara birləşdirilmiş avtoqoşqularla daşınmış yüklərin dövriyyəsi hesablanır.
Avtomobilin ümumi yürüşü. Sərnişinlə, yüklə, boş şəkildə və sıfır yürüşlərin cəmi avtomobil tərəfindən qət edilmiş məsafəni göstərir. Yüklü avtomobillərin yükləmə və boşaltma məntəqələri arasında hər yürüşü (daşınmış yükün miqdarından asılı olmayaraq) yüklü yürüş hesab olunur.
Avtomobil yolu. Dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik, sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndis qurğular sistemidir.
Ümumi istifadədə olan avtomobil yolları. Tabeçiliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Avtomobil yolları şəbəkəsi müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemidir.
Muxtar respublika əhəmiyyətli avtomobil yolları. Aşağıdakı təsnifat göstəricilərinə uyğun yollar hesab olunur:
- muxtar respublikanın paytaxtı Naxçıvan şəhərini Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ölkələrlə birləşdirən avtomobil yolları;
- muxtar respublikanın paytaxtı Naxçıvan şəhərini muxtar respublikanın rayon mərkəzləri ilə birləşdirən avtomobil yolları;
- muxtar respublikanın şəhər və rayon mərkəzlərini birbaşa birləşdirən avtomobil yolları;
- dəmir yolu stansiyalarını və hava limanını muxtar respublika əhəmiyyətli avtomobil yolları ilə birbaşa birləşdirən avtomobil yolları;
- muxtar respublika əhəmiyyətli avtomobil yollarını bir-biri ilə birləşdirən avtomobil yolları.
Yerli əhəmiyyətli avtomobil yolları. Kənd və qəsəbələri şəhərlər və rayon mərkəzləri ilə birbaşa birləşdirən avtombil yollarıdır (bir yoldan artıq olmamaqla).
Avtomobil yollarının uzunluğu. Birinci və axırıncı yaşayış məntəqələri, obyektlərlə (dəmir yolu stansiyalarını, hava limanını) muxtar respublika əhəmiyyətli avtomobil yolları arasında olan yolların uzunluğunu göstərir və kilometrlə ölçülür. Məlumatlar ilin sonuna olan vəziyyəti əks etdirir və uçot başlanğıc və son hesablama nöqtələri arasında aparılır.
"E" indeksli avtomobil yolları. Beynəlxalq əhəmiyyətli avtomobil yollarıdır.
Körpülər. Avtomobil yolunun keçdiyi sahədə rast gəldiyi maneələrin – çayın, dərənin, dağ silsiləsinin, yarğanın, su kanallarının, dəmir yolunun və digər maneələrin üstündən keçmək üçün standartlara və texniki normalara əsasən layihələndirilərək tikilən mühəndis qurğusudur. Körpülər növünə görə dəmir-beton, daş, metal və ağac körpülərə ayrılır.
Yol-nəqliyyat hadisəsi. Yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlak olmasına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Yol-nəqliyyat hadisələri məkana görə avtomagistral yollarda, yaşayış məntəqələrində və yaşayış məntəqələrinin hüdudlarından kənarda baş verən hadisələrə bölünür.