Naxçıvanda bələdiyyələrin fəaliyyəti müzakirə olunub
Noyabrın 27-də Naxçıvanda bələdiyyələrin fəaliyyətindəki problemlər və onların həlli yolları ilə bağlı iclas keçirilib.
Bələdiyyə sədrlərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iştirak etdiyi müşavirədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu ilin ötən 11 ayı ərzində bələdiyyələrin işində müşahidə olunan problemləri diqqətə çatdıraraq, onların həllinin vacibliyini vurğulayıb.
Bildirilib ki, Naxçıvan ölkənin ümumi inkişaf tendensiyasının önəmli parçasıdır. Ancaq köhnə, düzgün olmayan idarəetmə qaydası bu inkişaf prosesinin sürətiilə aaprılmasına mane olur. Ona görə də hər bir qurum öz idarəetmə sisteminə yenidən baxmalı, fəaliyyətində hesabatlılıq və maliyyə şəffaflığını təmin etməlidir.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, bəzi hallarda bələdiyyələrin ərazinin ayrılması zamanı ümumi planlamanı və bazar qiymətlərini nəzərə almadan torpaqlarını mülkiyyətə təqdim etmələri halı da müşahidə edilir ki, bu da həmin bələdiyyənin maliyyə təminatını yaxşılaşdırmasına və ümumilikdə ərazinin inkişaf planlamasına mane olur. O cümldən əhaliyə göstərilən kommunal və sosial xidmətlərin keyfiyyəti ilə də bağlı da diqqət olunmalı məsələlər var. Belə ki, bələdiyyələr kommunal xidmətləri qrafik müəyyən etmədən, planlaşdırmadan, kortəbii şəkildə həyata keçirirlər. İşıqlandırma ilə bağlı da oxşar hallar müşahidə olunur. Onun sözlərinə görə, aidiyyəti qurumlar qeyd olunan nöqsanları qısa müddətdə təhlil edib, onların həlli ilə bağlı əməli addımlar atmalıdırlar.
Səlahiyyətli nümayəndə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflığın təmin olunması, qanunazidd hallara qarşı tədbirlərin görülməsi, vətəndaşlarla münasibətdə daha diqqətli olmağın vacibliyini də vurğuladı.
Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov bələdiyyələrlə işin qurulması qaydaları və bu sahədəki mövcud vəziyyətdən bəhs edib. Vurğulayıb ki, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrlə mütəmadi görüşlər keçirilir, qanunvericiliyin tələbləri izah edilir və metodik dəstək göstərilir. Bununla belə bələdiyyələr tərəfindən vətəndaşlarla iş düzgün qurulmur. Daşınmaz əmlakın reyestri xidməti ilə əlaqəli iş çox zəifdir və sənədləşdirmə işlərində qanun pozuntularına yol verilir. Bu isə öz növbəsində bələdiyyələrin səlahiyyətlərinə aid olan bir sıra vəzifələrin layiqincə yerinə yetirilməsində nöqsanlara yol açır. Xüsusilə torpaqların icarəyə və mülkiyyətə verilməsi, yerli vergilərin yığılması, yaşayış məntəqələrində təmizliyə riayət olunması və tullantıların idarə olunması ilə bağlı ciddi problemlər mövcuddur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bələdiyyələrin fəaliyyətindəki mövcud problemləri bir neçə aspektdən diqqətə çatdırıb. Bildirib ki, bələdiyyələrin problemlərin həlli istiqamətində konkret fəaliyyət planı yoxdur. Ötən dövrdə qanunvericiliyə uyğun olaraq bələdiyyə gəlirlərinin strukturunun formalaşdırılmaması müşahidə olunub. Bələdiyyə qərarları bir çox hallarda bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi və icarəyə verilməsi prosesində qanunvericiliyə uyğun həyata keçirilmir. Çıxışda bələdiyyə mülkiyyətinin idarə olunmasında büdcə məsələləri ilə bağlı maliyyə vəsaitlərinin prioritetləşdirlimiş istiqamətlərə uyğun xərclənməsində yol verilmiş nöqsanların aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Sonra bələdiyyə sədrlərinin fikirləri dinlənilib, müraciətlər qeydə alınıb.
Müşavirədə problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilərək diqqətə çatdırılıb ki, bələdiyyələrin fəaliyyəti “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun şəkildə tənzimlənməli, növbəti il üzrə bələdiyyələrin fəaliyyət planları hazırlanmalı, vətəndaşlarla, o cümlədən sahibkarlarla maarifləndirici iş gücləndirilməli, bələdiyyələrin əhali arasında nüfuzu artırılmalı, qanunun tələblərinə ciddi əməl olunmalı, yerli əhalinin üzləşdiyi sosial problemlərin həlli istiqamətində bütün imkanlardan istifadə edilməli və mütəmadi olaraq seçicilər qarşısında hesabatlar verilməlidir.
Diqqətə çatdırılıb ki, bu ilin ötən dövründə bütün rayonlarda vətəndaşlarla görüşlər keçirilib və həmin görüşlər protokollaşdırılıb. İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr dekabrın 25-dək bu protokollarla bağlı hesabat verməli, öz imkanları hesabına həll edə bilmədiyi məsələləri mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə yerinə yetirməlidir. Şəhid ailələri və qazilər başda olmaqla, əhali ilə münasibətlər şəffaf, ədalətli, lazım gəldikdə fərdi şəkildə qurulmalıdır, investorların müxtəlif sferalara cəlb olunmasında aktivlik artırılmalıdır. Heyətlər yenidən komplektləşdirilməli, xərclər optimallaşmalı, hər bir mərkəz gəlirlə işləməlidir. Ədliyyə nazirliyi ilə əlaqələr gücləndirilməli, nazirlik tərəfindən monitorinq qrupu yaradılmalı və verilən tapşırıqların icrası üzrə monitorinqlər aparılmalıdır.