Səlahiyyətli nümayəndə xarici və yerli investorları qəbul edib

...

Yanvarın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xarici və yerli istehsalçılar, eləcə də investorlarla görüşüb.

Naxçıvanı Türkiyə üçün Şərqin, Azərbaycan üçün isə Qərbin qapısı kimi dəyərləndirən səlahiyyətli nümayəndə bu qədim diyar üçün yeni səhifənin açıldığını bildirib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verən Fuad Nəcəfli diqqətə çatdırıb ki, 11 prioritet sahəni əhatə edən proqramda nəzərdə tutulan layihələrin artıq icrasına başlanılır. Xüsusilə “yaşıl enerji”, o cümlədən Günəş və külək elektrik stansiyalarının inşası istiqamətində çox böyük layihələrin icrası nəzərdə tutulur. Beynəlxalq konsorsium, həmçinin Türkiyə, Almaniya və Çindən investorlar bu layihələrin icrasında yaxından iştiraka maraq göstərirlər.

Görüşdə sözügedən dövlət proqramının əhatə etdiyi infrastruktur quruculuğu, meliorasiya, kənd təsərrüfatı, təbii resursların emalı və istehsalı, mədənçilik, turizm kimi bir çox sahələrin potensial imkanları və investisiyaya cəlbi məsələləri müzakirə edilib. Diqqətə çatdırılıb ki, Naxçıvan azad iqtisadi zonaya çevriləcək, burada fəaliyyət göstərən şirkətlər üçün vergi və gömrük güzəştləri, daşıma və digər sahələrdə müvafiq stimullaşdırma tətbiq ediləcək.

Türkiyənin "İhlas Holding", "Özgün İnşaat", Çinin "Energy China" kimi şirkətlərinin iştirak etdiyi görüş investisiya imkanları, "yaşıl enerji" potensialı, inşaat layihələri, mədənçilik kimi sahələrə dair təkbətək görüşlərlə davam edib.

Sonda xatirə fotosu çəkdirilib.