Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə güllər düzülüb, Ulu Öndərimizin xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam edib.
Səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələrinə Sarayın foyesində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı hazırlanmış veb saytı, poçt markası, posterlər təqdim edilib.
“Şərq qapısı” qəzeti tərəfindən təşkil olunmuş fotosərgidə tədbir iştirakçıları muxtar resublikanın 100 illiyi ilə əlaqədar, eləcə də diyarımızın zəngin təbiətini, çoxəsrlik tarixini və təkrarsız abidələrini əks etdirən fotolara baxıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əlyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın, baş nazir Əli Əsədov, eləcə də digər rəsmi şəxslərin muxtar respublikanın 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikanın 100 illiyini Azərbaycanın bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qeyd olunmasını xüsusi xoşbəxtlik kimi dəyərləndirən Fuad Nəcəfli Prezident İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.
Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən bu il ərzində əlamatdar tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Fuad Nəcəfli muxtariyyət tarixinə nəzər salaraq vurğulayıb ki, 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən 2 mühüm beynəlxalq sənəd - Moskva və Qars müqavilələri imzalanıb, muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub, bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı təşkil olunub. Nəhayət 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan diyarı Naxçıvan MSSR-ə çevrilib.
1990-1993-cü illərdə Ümummilli Liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib. Ulu Öndərin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin iclasında müstəqil dövlətçilik tariximizlə bağlı mühüm tarixi qərarlar qəbul olunub, muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilib Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvanın 75 illik yubileyi geniş qeyd olunub.
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub, 100 illik yubileylə bağlı imzaladığı Sərəncamda da vurğulandığı kimi, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi yüksək qiymətləndirilib.
2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarixi ədalətin bərpa olunmasında və 2023-cü il sentyabrın 19-20 tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Naxçıvanın igid oğulları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. Beləliklə, istər tarixi qələbəmiz, istərsə də dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması regionda yeni reallıqlar yaratmaqla bərabər, Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsini də təmin edəcəkdir. Ölkə Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı verdiyi Sərəncama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib, yubiley münasibətilə muxtar respublika əhalisini təbrik edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov çıxışında bildirb ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola verilən yüksək qiymətdir. Naxçıvanın milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlərinin olması, strateji mövqeyi ilə seçilməsi tarixən onu vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyarın qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etməsinin sərəncamda qeyd olunmasını xatırladan Anar İbrahimov bununla da ölkə başçısı cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikasının yaranmasını Azərbaycanın siyasi tarixinin əhəmiyyətli hadisəsi kimi qiymətləndirməsinin göstəricisi olduğunu bildirib. Dövlət başçısının sərəncamda Naxçıvan Muxtar Respublikasının “yaradılması” deyil, məhz “yaranması” ifadəsini işlətməsi onun Naxçıvanın muxtariyyət statusunun qazanmasını kiminsə, ya da kimlərinsə fəaliyyəti deyil, bütövlükdə tarixi və siyasi proseslərin məntiqi davamı kimi qiymətləndirməsinin təzahürü, siyasi irsə, xüsusilə də Ulu Öndər Heydər Əliyevin siyasi irsinə verilən qiymət və sayğının nümunəsidir.
Həqiqətən də Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni ekspansionistlərinin hərbi basqınlarına qarşı mərdliklə mübarizə aparmış, qanları bahasına qədim diyarı qorumuşlar. Hələ 1918-ci ildə Naxçıvan Milli Şurası Xalq Cümhuriyyəti hökumətinə yazdığı məktubda göstərirdi ki, “biz ermənilərə tabe olmuruq, tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun azad edilməsini və Naxçıvanın Azərbaycana birləşməsini gözləyirik”. Naxçıvan İnqilab Komitəsinin Azərbaycan hökumətinə 1920-ci il 10 avqust tarixli məktubunda da bildirilirdi: “Əhalinin yekdil qərarı ilə Naxçıvan özünü Azərbaycanın ayrılmaz hissəsi hesab edir”.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs edib. Bildirib ki, Naxçıvanın muxtariyyətinin 2 mərhələsi xüsusilə çətin və mürəkkəb dövr olub. Bunlardan biri 1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlanıldığı dövrdür.
1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin Naxçıvanın Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi muxtariyyəti böyük tarixi nailiyyət adlandırması təsadüfi deyil. Muxtariyyət dövründə ikinci çətin mərhələ isə 1990-cı ildə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması olub. Həmin dövrdə Naxçıvan Ümummilli Liderimizin də dediyi kimi: “Taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı”. Bu gündən 33 il əvvəlki tarixə nəzər saldıqda açıq şəkildə görmək olur ki, Ulu Öndər o zaman Naxçıvana qayıtmasaydı, Naxçıvan da Qarabağ kimi işğala məruz qalacaqdı.
Səbuhi Məmmədov qeyd edib ki, bu gün Naxçıvan qalib Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bölgə maraqlarından çıxaraq Şərq-Qərb tranzitində açar rolunu oynayan region kimi diqqət çəkir. Zəngəzur dəhlizinin açılması isə Naxçıvan Muxtar Respublikasının türk dünyasına açılan bir qapı kimi rolunu artıracaq. Zəngəzur dəhlizi türk dünyasının bütün ölkələrini Avropa və Asiya ilə birləşdirməklə əlaqələrinin genişləndirilməsində böyük rol oynayacaq. Bununla da gələcəkdə regionda sosial-iqtisadi münasibətlər daha da genişlənəcək. Zəngəzur dəhlizinin açılmasından sonra mühüm nəqliyyat habına çevriləcək qədim diyar həm də Cənubi Qafqazın iqtisadi inkişafına və təhlükəsizliyinə öz töhfəsini verəcək.
Təbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəylinin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Hacıfəxrəddin Səfərlinin çıxışları dinlənilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.
Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib.