Səlahiyyətli nümayəndə Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti ilə görüşüb
Fevralın 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan - 100” konfransının iştirakçıları - Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fuad Nəcəfli Prezident İlham Əliyevin tapşırığı, diqqət və qayğısı ilə Naxçıvanda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən, o cümlədən su təminatı, energetika, infrastruktur quruculuğu, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər istiqamətlərdə reallaşdırılacaq çoxprofilli layihələr barədə məlumat verib. Səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvan inkişafının yeni mərhələsini yaşayır və bu mərhələdə yeni layihələr icra olunacaq. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublikada 11 prioritet sahə üzrə mühüm layihələr reallaşdırılacaq. Naxçıvan Azad İqtisadi Zonaya çevrilməklə investorların xüsusi diqqətini cəlb edəcək.
Qeyd edilib ki, Naxçıvan enerji istehsalı sahəsində yüksək potensiala malikdir. Təsadüfi deyil ki, ölkə başçısı Naxçıvanı “yaşıl enerji” məkanı kimi dəyərləndirib. Dövlət Proqramına uyğun olaraq bu resurslardan səmərəli istifadə olunacaq, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni energetika sistemləri, eləcə də 500 meqavat gücündə yeni istilik elektrik stansiyası tikiləcək. Araz Su Elektrik Stansiyası yenidən qurulacaq. Bütün bunların müqabilində Naxçıvan enerji ixracatçısı mövqeyindən çıxış edəcək.
Fuad Nəcəfli görüş iştirakçılarının suallarını cavablandırıb.
Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı xidmətlərinə və “Türk dünyasına açılan Şərq Qapısı: Naxçıvan - 100” konfransının təşkilinə verdiyi yüksək dəstəyə görə səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə birliyin fəxri diplomunu təqdim edib.
Deputat, professor Musa Qasımlı isə səlahiyyətli nümayəndəyə “Heydər Əliyev və Qafqaz problemləri” kitabını hədiyyə edib.
Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev, birliyin qadınlar şurasının sədri, Dünya Türkologiya Mərkəzinin sədri Güllü Yoloğlu, birliyin sədr müavini, AzTV Akademiyasının rektoru, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı səmimi qəbula görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə təşəkkür ediblər.