Naxçıvanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 təşkilatı üçün yeni inzibati bina istifadəyə verilib

...

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Hidrometeorologiya Mərkəzi, Yaşıllaşdırma və Landşaft Quruluşu MMC və Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi üçün inzibati binanın açılış tədbiri keçirilib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollektivlə görüşərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet sahələrdən biri də ətraf mühitin qorunmasıdır. Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi və Ordubad şəhərinin Dövlət Tarix-Mədəniyyət Qoruğuna çevrilməsi fonunda bu il yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və tarixi-mədəni abidələrin pasportlaşdırılması istiqamətlərində mühüm tədbirlər həyata keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun tabeliyində olan təşkilatların əməkdaşlarının da bu istiqamətlərdə üzərinə mühüm işlər düşür. Fuad Nəcəfli kollektivlərə fəaliyyətlərində uğurlar arzulayıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Sonra binada yaradılan şəraitlə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev əvvəlcə inzibati binanın tikinti layihəsini təqdim edib, bina barədə qısa məlumat verib.

Qeyd edilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada iş otaqları, laboratoriya, iclas zalı, anbarlar yerləşir. Burada yaradılan şərait muxtar respublikada hidrometeorologiya, meteorologiya, aqrometeorologiya, hidrologiya, məlumatların toplanması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi işini də asanlaşdıracaq.

Sonda mövcud və yeni alınmış nəqliyyat vasitələri, anbar və avadanlıqlara baxış keçirilib.