Naxçıvanda doğum günü mart ayında olan şəhidlərin xatirəsi yad edilib

...

Martın 27-də “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə mart ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.

Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin və tələbə-gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan televiziyasının doğum günü mart ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri videoçarxda adları çəkilən 34 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretləri ilə səhnəyə çıxıblar.

Naxçıvanda yaxşı bir ənənənin bünövrəsinin qoyulduğunu bildirən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli anım tədbirini yüksək qiymətləndirib və davamlı olacağını diqqətə çatdırıb.

Səlahiyyətli nümayəndə qeyd edib ki, əsrlər öncə mərhələ-mərhələ Azərbaycan ərazisində yerləşdirilən mənfur qonşularımızın ölkəmizə və xalqımıza qarşı məkrli siyasəti 1918-ci ildə daha geniş miqyas alıb. Həmin il martın 31-də bütün Azərbaycanda ermənilər tərəfindən genişmiqyaslı soyqırımı aktı törədilib, Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Xaçmazda, Naxçıvanda və Zəngəzurda on minlərlə soydaşımızın xüsusi işgəncələr vasitəsilə həyatına son qoyulub. Erməni daşnaklarının törətdiyi bu soyqırımı zamanı Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi tamamilə dağıdılıb, Naxçıvanda Yaycı soyqırımı törədilib.

“Bu, dəyişilməz bir reallıqdır ki, öz içərisində “Daşnaksütyun”, “Asala” kimi terror təşkilatlarını yaşadan bir cəmiyyətlə qonşuluqda yaşayırıq. “Böyük Ermənistan” tarixdə heç bir zaman olmayan, lakin bəzi qeyri-konstruktiv qüvvələr tərəfindən dəstəklənən təxribatdır”, – deyən Fuad Nəcəfli bildirib ki, bu xülyanı gerçəkləşdirmək iddiasında olan ermənilər bolşeviklərin havadarlığı ilə sonrakı illərdə də soyqırımı və etnik təmizləmə siyasətini davam etdirib, Xocalıda, Malıbəylidə və digər ərazilərimizdə tarixdə misli görünməyən faciələr törədiblər. Bütün bunlar öz kökünü 1918-ci il 31 mart soyqırımından götürür. Xalqımız bu soyqırımları, vandalizm hərəkətlərini heç zaman unutmayacaq və unutmamalıdır. Dövlətimiz və hökumətimiz bütün bunların unudulmaması üçün tədbirlər görür. Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması rəsmi surətdə bəyan edilib. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb, 2018-ci ildə soyqırımın 100-cü ildönümü yad edilib.

Fuad Nəcəfli deyib ki, bunların hər biri xalqımızın qan yaddaşıdır. Tarixinə və əzəli torpaqlarına sahib çıxan qüdrətli Azərbaycan dövləti heç kimin dəstəyinə ehtiyac duymadan bu gün işğaldan azad edilən bölgələrimizdə geniş quruculuq işləri görür. Qəsəbə və kəndlərimizə həyat verilir, soydaşlarımızın doğma torpaqlarımıza böyük qayıdışı reallaşır. Yeni reallıqlar fonunda önümüzdəki çağırışlardan ən böyüyü Zəngəzur dəhlizidir. Bu dəhliz region ölkələri üçün böyük bir əməkdaşlıq platformasıdır. Bəzi siyasi qüvvələr bu layihənin icrasına mane olmağa çalışısa da, hər birimiz əminik ki, bu məsələ sülh yolu ilə öz həllini tapacaq.

Naxçıvanda artıq bir ilə yaxındır ki, sosial-iqtisadi inkişaf proqramının icra olunduğunu vurğulayan səlahiyyətli nümayəndə bildirib ki, bütün sahələri əhatə edən 200-dən çox layihənin icrasında qazi və şəhid ailələri də yaxından iştirak edir. Fuad Nəcəfli bu dəstəyə görə təşəkkür edib, şəhidlərin xatirəsini hörmət və ehtiramla anıb, şəhid ailələrinə səbr, qazilərə cansağlığı arzulayıb.

Şəhid kapitan Seymur Cabbarovun atası İlham Cabbarov, şəhid leytenant Ramil Əliyevin anası Gülnarə Quliyeva və şəhid Saday Məmmədəliyevin anası Məhəbbət Məmmədəliyeva çıxış edərək övladlarının xatirələrinin bu cür yad olunmasının onlarda təskinlik və fərəh hissi oyatdığını bildirib, tədbirin təşkilində əməyi olanlara təşəkkür ediblər.

Sonda Naxçıvan Dövlət Universitetinin tələbə teatr studiyası və “Belkanto” vokal qrupunun birgə hazırladığı şəhidlərin xatirəsinə həsr olunmuş bədii kompozisiya təqdim olunub.