Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb
Muxtar respublikada voleybol idman növünün elmi əsaslarla kompleks inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli aprelin 30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Voleybol Federasiyası tərəfindən təşkil olunan məşqləri izləyib, yeni dönəmdə bu idman növünün inkişafı istiqamətində görülən işlərlə maraqlanıb.
Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev məlumat verib ki, ötən ilin sentyabr ayında yenidən təşkil olunan federasiya tərəfindən Naxçıvan və Şərur şəhərlərində peşəkar voleybol məşqləri təşkil olunur. Naxçıvan şəhərində 45 oğlan, 65 qız, Şərurda isə 29 oğlan, 51 qız olmaqla, ümumilikdə 200-ə yaxın yeniyetmə voleybolun sirlərini öyrənir. Məşqlərə əsasən 2009-2014-cü il təvəllüdlü, boy, çəki və digər kriteriyaları voleybol idman növü ilə peşəkar şəkildə məşğul olmağa imkan verən uşaq və yeniyetmələr cəlb olunub. Federasiya tərəfindən 5 məşqçi-müəllim işlə təmin olunub. İdmançılarımızın vahid elektron bazası formalaşdırılıb. Eyni zamanda şəhər və rayonların Uşaq-Gənclər İdman məktəblərində yüzlərlə uşaq və yeniyetmələrə voleybol məşqləri keçirilir. Naxçıvan Voleybol Federasiyası Uşaq-Gənclər İdman məktəblərində voleybol məşqlərinin keçirilməsinə və zəruri idman ləvazimatları ilə təminat baxımından dəstək göstərir. Məşqlərin vahid proqram əsasında təşkili, məşqçi-müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.
Mart ayında 3 oğlan, 12 qız idmançımız Azərbaycan Voleybol Federasiyası tərəfindən Bakı şəhərində milli komandaların tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan təlim-məşq toplanışlarında iştirak edib. Onlarla perspektivli idmançımız müxtəlif yaş qrupları üzrə Azərbaycan seçmə komandalarının tərkibinə düşməyə namizədlər sırasında göstərilir. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinin diqqət və dəstəyi ilə bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək. Voleybol Federasiyasının prezidenti kişilərdən ibarət “Naxçıvan” və qadınlardan ibarət “Möminə xatun” voleybol idman klublarının yaradılması və fəaliyyəti istiqamətində işlərin görüldüyünü vurğulayaraq qeyd edib ki, Naxçıvanın kişilərdən ibarət komandasının yeni mövsümdə yüksək liqa Azərbaycan çempionatında iştirakı nəzərdə tutulur. 6-10 may tarixlərində isə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönmünə həsr olunmuş yeniyetmə qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika birinciliyi keçiriləcək.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli məşqçi-müəllimlər və idmançlarla görüşüb, öz tövsiyələrini verib. Vurğulanıb ki, dövlətimiz tərəfindən Naxçıvanda voleybol idman növünün inkişafı və potensialın üzə çıxarılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Sonda xatirə şəkli çəkdirilib.