Səlahiyyətli nümayəndə Türkiyə Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib

...

Mayın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikası Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan səlahiyyətli nümayəndə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu ifadə edib. Bildirib ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə yüksəlmiş əlaqələrimiz bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Türk dünyası üçün strateji mövqedə yerləşən Naxçıvan bu münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir.

Naxçıvanın İqdır, Qars və Ağrı vilayətləri ilə qardaşlıq münasibətlərindən bəhs edən Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun bu baxımdan fəaliyyətini yüksək qiymətləndirib. Xüsusilə ticarət və investisiya sahələrində böyük perspektivlərin olduğunu bildirən səlahiyyətli nümayəndə türkiyəli iş adamlarını bu sahələrdə fəal işbirliyinə dəvət edib.

Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə Respublikası Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuz nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfərinin önəmini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri təmsil etdiyi qurumun Naxçıvanla ticarət əlaqələrinin ən üst səviyyəyə çıxmasında maraqlı olduğunu bildirib.

Söhbət zamanı sərhədyanı ticarət və gömrük güzəştlərinin tətbiqi istiqamətlərində perspektiv imkanlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya iştirak edib.