Dövlət Statistika Komitəsində muxtar respublikanın 100 illik yubileyi qeyd olunub
Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə tər güllər düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində davam edən tədbirdə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov çıxışında bildirib ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 100 illiyi qeyd olunan Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri vardır. Ulu Öndər hakimiyyəti dövründə daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Ölkədə başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəallığı və yaradıcı forması ilə seçilib. Bu Prezident cənab İlham Əliyev tərəfindən daha da zənginləşdirilib. Ölkə başçısı prezidentliyi müddətində 16 dəfə muxtar respublikaya səfər edib. Bu müddətdə qədim diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalanıb, Dövlət proqramları qəbul edilib. Son 10 il ərzində Prezidentin sərəncamları əsasında Naxçıvan Muxtar Respublikasına 688 milyon manatdan çox investisiya vəsaiti ayrılıb.
Yusif Yusifov dövlət başçısının Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icra əhəmiyyətinə toxunub, proqramda yer alan prioritetlərin reallaşmasından sonra muxtar respublikanın daha böyük inkişaf mərhələsinə çatacağını vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov bildirib ki, bu gün Ulu Öndərin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planları və arzuları uğurla yerinə yetirilir. Ötən dövrdə muxtar respublikada yeni idarəçilik sisteminin yaradılması ilə bağlı mühüm addımlar atılıb. Belə ki, dövlət başçsının 2022-ci il 22 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yeni idarəetmə modelinin, səlahiyyətli nümayəndəlik institutunun yaradılması regionların inkişafı baxımından yeni və müasir yanaşmanın təzahürüdür. Bu baxımdan bütün sahələrdə yeni dövrün tələblərinə uyğun olaraq iş prinsipinin qurulması, muxtar respublikanın bundan sonrakı inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsi vacib istiqamətlər kimi müəyyənləşdirilib.
Vurğulanıb ki, dövlət başçısının ötən dövrdə muxtar respublikanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar qədim diyarın hərtərəfli inkişafına zəmin yaradıb. Həyata keçirilən quruculuq tədbirləri nəticəsində Naxçıvanın bütün yaşayış məntəqələri abadlaşdırılıb, avtomobil yolları yenidən qurulub, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb, alternativ və bərpa olunan enerji mənbələrindən - yaşıl enerjidən istifadənin payı 33 faizə çatıb. Görülən kompleks işlərin nəticəsidir ki, Naxçıvan enerji idxal edən diyardan, enerji ixrac edən regiona çevrilməkdədir.
Sonra muxtariyyətin 100 ili ilə bağlı videoçarxa baxış olub.
Sonda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə komitənin bir qrup əməkdaşına səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim edilib.