Naxçıvan MR Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis məktəbində “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis məktəbində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.
Sonra peşə bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra polis general-mayoru S.Neymətov çıxış edərək Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbriklərini şəxsi heyətə çatdırıb, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşan daxili işlər orqanlarının keçdiyi şərəfli və zəngin xidmət yolundan, Orta İxtisas Polis məktəbinin əldə etdiyi uğurlardan danışıb .
Polis general-mayoru S.Neymətov əmin edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları bundan sonra da vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Tədbir şəxsi heyətin mətin addımlarla keçidi ilə yekunlaşıb.