Xandəndi Konqres Mərkəzinin təməli qoyulub

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.

Dövlətimizin başçısına layihə barədə məlumat verildi.

Bildirildi ki, Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq.

Dövlətimizin başçısına Konqres Mərkəzi ilə bir kompleksdə yer alan “Xankəndi” hotelinin layihəsi barədə də məlumat verildi.

Qeyd edildi ki, hotelin ümumi sahəsi 3800 kvadratmetr, tikintialtı sahəsi isə 900 kvadratmetrdir. Hoteldə müxtəlif tipli 105 otaq olacaq. Bundan başqa, burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın birinci mərtəbəsində “Lobby Lounge & Terrace” restoranı fəaliyyət göstərəcək.

Vurğulandı ki, Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək kompleksdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

Dövlətimizin başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoydu.