Naxçıvan Dövlət Universitetinin tələbələri “O olmasın, bu olsun” əsərini səhnələşdirib
İyulun 8-də Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyasını nümayiş etdirib.
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə təqdim olunan tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri izləyiblər.
Tamaşadan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Naxçıvan Dövlət Universiteti muxtar respublikanın 100 illiyinə töhfələr verməkdə davam edir və nümayiş etdirilən musiqili komediya da universitet kollektivinin bu yubileyə hədiyyəsidir. Rektor vurğulayıb ki, bu həm də istedadlı tələbələrin Naxçıvan ictimaiyyəti qarşısında hesabatıdır.
Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən səhnələşdirilən tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Əməkdar artist Mübariz Əsgərov, dirijoru Xalq artisti, professor Çingiz Axundov, quruluşçu rəssamı Əməkdar rəssam Cavid İsmayılovdur.
Tamaşada, ümumilikdə, 42 müəllim və tələbə iştirak edib. Aktyorları universitetin kiçik tərkibli Simfonik orkestri müşayiət edib.
Fuad Nəcəfli tamaşadan sonra aktyorlarla görüşüb, uğurlu səhnə həlli münasibətilə təbriklərini çatdırıb və onlarla xatirə fotosu çəkdirib.