Naxçıvanda “14 iyul 1969-cu il: Azərbaycanda milli intibahın başlanğıcı” adlı konfrans keçirilib
İyulun 12-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə Naxçıvanda “14 iyul 1969-cu il: Azərbaycanda milli intibahın başlanğıcı” adlı konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunan sərgiyə baxış olub. Sərgidə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində mühafizə olunan və 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Ulu Öndərin Naxçıvan səfərlərinin yaddaqalan məqamlarını, muxtar respublika sakinləri ilə səmimi görüşlərini və mətbuatda çıxışlarını əks etdirən fotolar nümayiş etdirilib.
Sonra konfrans öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2024-cü il iyulun 14-də Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə hər kəsi təbrik edib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Səlahiyyətli nümayəndə bildirib ki, ötən əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə, ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulub. Beləliklə, 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olub. Həmin illərdə 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verilib, 630 min yeni iş yeri açılıb. Sənaye istehsalı 2,7, tələbat mallarının istehsalı 3, kənd təsərrüfatı istehsalı 2,7, neft hasilatı 2,8, maşınqayırma və metal emalı 3,3 dəfə artıb. Əgər 1969-cu ilədək olan 50 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə onların sayı 1048 olub. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilib, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılıb.
Fuad Nəcəfli diqqətə çatdırıb ki, ötən əsrin 70-ci illərində Ulu Öndər xalqın yaradıcılıq enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atıb, mühüm qərarlar qəbul edib, milli hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb yaradılıb. Məhz görülən bu işlərin sayəsində Azərbaycanda milli ruh canlanıb, özünüdərk və soy-kökə qayıdışı təmin edilib, azadlıq və müstəqillik duyğuları milli düşüncədə üstünlük təşkil etməyə başlayıb, bir sözlə, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşları qoyulub.
Səlahiyyətli nümayəndə 1982-ci ildə Ümummilli Liderin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsini və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmasını Azərbaycan tarixində mühüm tarixi hadisə kimi dəyərləndirib. Vurğulayıb ki, imperiya idarəçiliyində ən yüksək pilləyə yüksələn yeganə azərbaycanlı kimi Ulu Öndər o illərdə də Azərbaycana diqqət və qayğısını əsirgəməyib, respublikamızın ictimai-mədəni həyatı ilə daim maraqlanaraq Azərbaycanın gələcək müstəqilliyi üçün ciddi əsaslar yaradıb.
Fuad Nəcəfli Ümummilli Liderin dövlətçilik fəaliyyətindən danışarkən böyük ömrün 1990-1993-cü illəri əhatə edən Naxçıvan mərhələsindən xüsusi bəhs edib. Qeyd edib ki, həmin illərdə dahi şəxsiyyət, bütövlükdə, müstəqil dövlətçiliyimizin əsaslarını işləyib hazırlayıb. Ulu Öndərin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə “Milli Qurtuluş Günü” kimi yazılıb. Bu dövrdən etibarən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoyub. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artıb, “Əsrin müqaviləsi”nin praktiki cəhətdən reallaşması və bir çox sahələrə sərmayələrin yönəldilməsi sənayedə dirçəlişin təməlini qoyub. 1993-cü ildən başlayaraq kənd təsərrüfatı sahəsi yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. 1993-2002-ci illərdə istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 70-dən çox yeni obyekt inşa edilib, bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına 8,2 milyard manat investisiya yönəldilib, 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə, dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artıb, 74 mindən artıq yeni mənzil, 82 yeni ümumtəhsil məktəbi istifadəyə verilib.
“Bu gün Azərbaycan dünyada sürətlə və dinamik inkişaf edən dövlətdir”, – deyən Fuad Nəcəfli vurğulayıb ki, ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının və xalq-Lider birliyinin təntənəsidir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı böyük Qələbəyə və uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib. Bu gün dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır.
Səlahiyyətli nümayəndə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işləri də xüsusi qeyd edib. Vurğulayıb ki, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə mühüm addımlar atan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilib. Mehriban xanım Əliyevanın sivilizasiyalararası dialoqa verdiyi töhfələr, Azərbaycanın siyasi, ictimai, sosial və mədəni həyatında fəal iştirakı, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətləri, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyi, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyi ona böyük xalq sevgisi qazandırıb.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli çıxışının sonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib və fəxrlə vurğulayıb ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrü respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirib. Qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və nəticədə, Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön sıralara çıxdı.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Heydər Əliyev dühası, Ümummilli Liderin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna qədəm qoydu.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında diqqətə çatdırıb ki, Ulu Öndərin respublikamızın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, ən başlıcası isə bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurlar və inkişaf üçün əsas oldu. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevirdi.
İsmayıl Hacıyev vurğulayıb ki, milli ideologiyanın, dəyərlər sisteminin yaradıcısı olan Heydər Əliyev bu sistemin qorunub saxlanılmasına, onun gələcək nəsillərə çatdırılmasına da öz töhfəsini verib. Ulu Öndər bütün dünya azərbaycanlılarını vahid ideya ətrafında sıx birləşdirməyi bacarıb. Çünki onun siyasətinin fəlsəfi kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, Azərbaycançılıq məfkurəsi dayanırdı.
Konfrans Naxçıvan Televiziyasının təqdim etdiyi “14 iyul Zirvəsi” adlı sənədli filmin nümayişi ilə başa çatıb. Filmdə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə milli dövlətçiliyimizin yaradılması və gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edən arxiv materialları, çıxışları təqdim olunub.