Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

...

Avqustun 30-da Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə konsulluğun iqamətgahında Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qardaş xalqlarımızın şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.

Sonra Türkiyə xalqının zəfər tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya qonaqları salamlayıb, böyük öndər Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı Naxçıvanda bayramı birgə qeyd etməkdən məmnunluğunu ifadə edib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxuyub.

Baş konsul Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun dünyaya örnək olduğunu bildirib, ölkə başçılarının müəyyənləşdirdiyi hədəflər əsasında birliyimizin, birgə əməkdaşlıq və strateji müttəfiqliyimizin davamlı inkişaf xətti ilə irəlilədiyini qeyd edib. Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə təbriklərini çatdıran Asip Kaya Naxçıvanın bu yolda tarix boyu apardığı haqlı mübarizəni ortaq türk tarixinin şanlı səhifələrindən biri kimi dəyərləndirib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri və antiterror əməliyyatları nəticəsində suverenliyinin tam bərpasını böyük sevinc və qürur hissi ilə qarşıladıqlarını vurğulayan baş konsul sentyabrın 1-də keçiriləcək parlament seçkilərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə xalqının şanlı zəfərini birlikdə qeyd etməyin böyük məmnunluq doğurduğunu ifadə edib, qardaş Türkiyə xalqını təbrik edib. Vurğulayıb ki, bu şanlı zəfər böyük Türkiyə dövlətinin müstəqillik yolunda əsaslı dönüm nöqtəsi olub, qardaş xalqın sarsılmaz iradəsini, yenilməzliyini, mübarizliyini və əzmini bütün dünyaya bəyan edib.

Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsini ehtiramla yad edən səlahiyətli nümayəndə qardaşlıq və dostluq münasibətlərimizin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən davam etdirilərək yüksək zirvələrə çatdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın birlik və bərabərliyini ifadə etməklə yanaşı, bölgədə sülhün və əmin-amanlığın da qarantıdır. Ümid körpüsü yalnız coğrafi birliyimizi deyil, eyni zamanda bir millət, iki dövlət münasibətlərimizi təcəssüm etdirir. Gələcəkdə reallaşdırılacaq Zəngəzur dəhlizi bu əlaqələri möhkəmləndirməklə Naxçıvanın enerji və nəqliyyat-tranzit imkanlarından daha geniş və səmərəli istifadə olunmasında önəmli rol oynayacaq. Dövlət başçılarımızın iştirakı ilə Naxçıvanda təməli qoyulan İğdır-Naxçıvan qaz kəmərinin inşası da bu mənada böyük əhəmiyyət daşıyır.

Sonda Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanmış Türkiyənin şanlı hərb tarixindən bəhs edən videoçarx nümayiş olunub.