"Muxtariyyət kuboku"nun final oyunu keçirilib

...

Naxçıvan şəhərində Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə yeniyetmə qızlar arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda birincilik keçirilib. Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 4-dən start verilən turnirdə 8 komanda iştirak edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 7-də keçirilən final oyununu izləyib.

Final oyununda “Naxçıvan” və “Əskişəhər” komandaları meydana çıxıblar. Gərgin və maraqlı mübarizə zəminində keçən yarışı Olimpiya İdman Kompleksində çoxsaylı tamaşaçı izləyib.

Oyun “Əskişəhər” komandasının 3-2 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın ardınca mükafatlandırma mərasimi keçirilib.

Nəticələrə əsasən, birinciliyin rəmzi komandasının üzvləri seçilən idmançılar “Ən yaxşı hücumçu”, “Ən yaxşı libero”, “Ən yaxşı blokçu”, “Ən yaxşı toppaylayıcı”, “Ən yaxşı diaqonal oyunçu” və “Ən dəyərli oyunçu” nominasiyaları üzrə mükafatlandırılıblar.

Sonra “Muxtariyyət kuboku” uğrunda birincilikdə ilk üç yerin qalibi olmuş komandalara medal və kuboklar təqdim olunub.