“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib
Oktyrabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.
Naxçıvan Dövlət Universitetində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfrans iştirakçılarını türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək yolunun üzərində yerləşən Naxçıvanda salamlayaraq bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu siyasi-ideoloji fəaliyyətin mühüm istiqamətlərindən biri də türk dünyasının birliyidir. Hələ Ulu Öndərimiz 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə qərarlar qəbul edib, qardaş Türkiyə ilə əlaqələrin qurulmasına xüsusi önəm verib. Türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsünün müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, bu təşəbbüsün reallığa çevrildiyi yer isə Naxçıvan olub. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün Naxçıvanda keçirilməsi və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin imzalanması mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına nail olunub, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiya sürətləndirilib.
44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin və bunun ən mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması perspektivində görülən işlərin həm də türk dünyasının coğrafi biriliyini təmin etmək yolunda atılmış ikinci addım kimi böyük siyasi-ideoloji əhəmiyyətinə toxunan Fuad Nəcəfli “Naxçıvan Müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbirə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb, təşkilatçılara təşəkkürünü bildirib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev çıxışında ortaq türk dünyası ideyasının 19-cu əsrdə formalaşdığını, bu ideya ətrafında praktiki addımların isə 1990-cı illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən atıldığını diqqətə çatdırıb. Bildirib ki, həmin illərdə zirvə görüşü təşkil olunub, Türk Şurası və nəhayət Türk Dövlətləri Təşkilatı yaradılıb. Hazırda təşkilatın İstanbulda baş qərargahı, Astana, Bakı, Daşkənd və digər şəhərlərdə təşkilata bağlı olan qurumlar fəaliyyət göstərir. Bu fəaliyyət bundan sonra daha da genişlənəcək. Fərid Şəfiyev qeyd edib ki, hazırda dünyada, o cümlədən Şərqi Avropa və Yaxın Şərqdə çox mürəkkəb geosiyasi hadisələr baş verir. Bütün bunlar beynəlxalq təhlükəsizlik və iqtisadi baxımdan daha sıx əməkdaşlığı zəruri edir. Bu istiqamətdə artıq addımlar atılır, orta dəhliz layihəsi həyata keçirilir, intellektual potensial güclənir, türk akademiyası fəaliyyət göstərir. Artıq ortaq türk əlifbası yaradılıb və ortaq türk dili layihəsi üzərində iş gedir.
Əsrimizi türk əsri kimi qiymətləndirən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, dövlətlərimiz buna addım-addım yaxınlaşır. Ölkə başçıları səviyyəsində bu yaxınlaşma üçün çox güclü iradə var. Bu birliyin Naxçıvanda əsası qoyulmuş sazişlə inkişaf etməsi qürurverici və önəmlidir. Çünki Naxçıvan min illərdir türkçülüyün simvollarını daşıyan mərkəz rolunu oynayıb. Vaxtilə Atabəylərin, Səlcuqlar imperiyasının mərkəz şəhərlərindən olan Naxçıvan geostrateji mövqeyi, şəhərsalma mədəniyyəti, ənənələri ilə həmişə türk dünyası üçün maraqlı bir region olub.
Türk Dövlətləri Təşkilatı baş katibinin nümayəndəsi Muradcan Mustafayev Naxçıvan müqaviləsinin 15 illiyi münasibətilə təbriklərini çatdırıb, bu tədbirin türk coğrafiyasında əsas körpü rolunu oynayan Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətinə toxunub. Qeyd edib ki, strateji baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən, 170 milyona yaxın əhalisi olan türk regionu qarşılıqlı ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açır. 2023-cü ildə Türk Dövlətləri Təşkilatı iqtisadiyyatının ÜDM-i əvvəlki illə müqayisədə 18 faiz artaraq təxminən 2 trilyon ABŞ dollarına çatıb. Həmçinin üzv dövlətlərinin ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti artıb. Dəhliz Şimal dəhlizindən 2 min kilometr qısa olduğundan dəmir yolu tranzit müddətini 7-8 gün azaldır.
Tədbirdə Naxçıvan televiziyasının hazırladığı türk dövlətləri birliyinin inkişafını və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra təşkilatçılar tərəfindən səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə və digər iştirakçılara simvolik hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Tədbir “Türk Dövlətləri Təşkilatı coğrafiyasında geosiyasi dəyişikliklər və Türk Dövlətləri Təşkilatı”, “Təhlükəsizlik sahəsində əməkdaşlıq”, “İqtisadi və ticarət əlaqələri” və “Enerji və nəqliyyat sahəsində əməkdaşlıq” mövzularında panel iclasları ilə davam edib.