Bu il Naxçıvanda yeni elektrik stansiyaları, santrallar, müasir suvarma sistemləri tikiləcək

...

“Yaşıl dünya naminə həmrəylik” ili elan olunan 2024-cü ildə Naxçıvanda ölkəmizin və dünyanın ən iri şirkətləri tərəfindən yaşıl enerji layihələri icra olunacaq, yeni elektrik stansiyaları, santrallar, müasir suvarma sistemləri tikilib istifadəyə veriləcək.

Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən muxtar respublikada mühüm layihələrin icra olunduğunu diqqətə çatdıran Fuad Nəcəfli deyib ki, ötən il 11 prioritet istiqaməti əhatə edən layihələrin texniki-iqtisadi əsaslandırılması aparılıb və bunun üçün 50 milyon manata yaxın vəsait sərf olunub:

"Tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə layihələndirmə işləri yekunlaşdırılıb. Bu ildən başlayaraq artıq layihələrin konkret icrası təmin olunacaq".