Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilir

...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Naxçıvan şəhərində noyabrın 30-da “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilir.
Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və “Global Media Group”un birgə ərsəyə gətirdiyi “Həmişə bizimləsiniz” filmi nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransı giriş sözü ilə açaraq, Ümummilli Liderimiz Heydər Əliyevin  rəhbərliyi ilə  dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətindən danışıb.  Heydər Əliyevin böyük səyləri nəticəsində ölkəmizdə vicdan və etiqad azadlığının, dini təhlükəsizliyin təmin edildiyini, sağlam dini ideologiyanın formalaşdığını vurğulayıb. Bildirib ki, bu gün Ümummilli Liderin tövsiyələri əsas götürülərək, Azərbaycanda din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini dəyərlərin, tolerantlığın və multikultural ənənələrin tənzimlənməsi istiqamətində sistemli iş aparılır. Artıq Azərbaycan dünyaya dövlət-din modelini təqdim edir, ölkəmizdəki dini dözümlülük və tolerantlıq nümunə kimi qəbul olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təkcə ölkəmizdə deyil, ümumilikdə ümumdünya bəşəri irsin mühafizəsi çərçivəsində sistemli iş aparır, dini dəyərlərə həssas münasibət göstərir, cəmiyyətdə dini həmrəyliyin yaradılmasına, qlobal səviyyədə dinlərarası dialoqun təşviq edilməsi işinə töhfə verir. F.Nəcəfli, eyni zamanda Naxçıvanda ölkə Prezidentinin dövlət-din münasibətlərinin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası barədə danışıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanın ötən müddətdə qazandığı nailiyyətləri qeyd edərək, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən məhz bu torpaqlarda – qədim Naxçıvanda başlanan yolu Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, qələbələrimizə təminat yaradan ən böyük amillərdən biri milli birliyimizdir. Respublikamızda dövlət-din münasibətlərinin mükəmməl modellərindən birinin yaranmasında cəmiyyətimizdəki dinlərarası harmoniya, birgəyaşayış mühiti mühüm rol oynayıb.
Ramin Məmmədov Azərbaycanın dövlət-din münasibətləri sisteminin bir neçə vacib sütuna əsaslandığını deyib. Modern dünyəvi dövlətin, ənənələrə sadiqliyin və gələcəyə dair aydın, konkret baxışların mövcudluğunun əhəmiyyətinə toxunub. Vurğulayıb ki, dövlətin funksiyası yalnız vətəndaşlarının sosial-iqtisadi rifahını, hüquq və təhlükəsizliyini təmin etməkdən ibarət deyil. O, həm də hər bir xalqın malik olduğu milli-mənəvi dəyərlər sistemini müdafiə mexanizmlərini yaradır və din bu sistemin bir hissəsidir. Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur. Etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən amildir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarmaq, proqnozlaşdırmaq, zəruri tədbirlər görmək üçün vacibdir. 
Tədbirin aktual mövzuya həsr olunduğunu deyən Komitə sədri söyləyib ki, xüsusilə indiki geosiyasi reallıqlar qarşımızda duran vəzifələri daha dərindən təhlil etməyə sövq edir. Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələr bir çox siyasi dairələri narahat edir.


Konfransın əsas missiyası da tarixi nailiyyətimiz olan dövlət-din münasibətləri modelini qorumağa və daha da möhkəmləndirməyə imkan verən ideya və təkliflərin öyrənilməsindən ibarətdir.
Konfransın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildirən Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Muxtar Respublikanın strateji cəhətdən mövqeyindən danışıb. Azərbaycanın dövlət-din münasibətlərinin özünəməxsus quruluşa malik olduğunu bildirən F.Mustafa  Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququnun ölkə qanunvericiliyində öz əksini tapdığını deyib. Dövlətin dinə qayğısından bəhs edən millət vəkili azad olunmuş ərazilərdə dini abidələrin abadlaşdırılması prosesini xüsusilə qeyd edib.


Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov dövlət başçısı İlham Əliyevin müdrik siyasəti nəticəsində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişafı istiqamətində qurulmuş siyasi ənənənin dinamikasının artdığını vurğulayıb. Respublikanın müxtəlif regionlarında inşa və təmir-bərpa edilən məscid-ziyarətgah kompleksləri, kilsələr, sinaqoqların söylədiklərinə əyani sübut olduğunu diqqətə çatdıran B.Nəcəfov ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxladığını, hər səfərində milli-mənəvi irsimiz olan abidələrin bərpası, təmiri işləri ilə yaxından maraqlandığını vurğulayıb.
Konfrans işini “Dövlət-din münasibətləri: ideoloji təhlükəsizlik müstəvisində” və “Milli-mənəvi dəyərlərə qayıdış: ənənə və müasirlik” mövzusunda panellərlə davam etdirəcək.