Şahtaxtı gömrük və Təzəkənd avtomobil yolları əsaslı təmir olunub

Kəngərli rayonundakı Şahtaxtı gömrük və Şərur rayonunun Təzəkənd avtomobil yolları əsaslı təmir olunub.
İyunun 3-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yollarda aparılan əsaslı təmir işləri ilə tanış olub.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin idarə heyətinin sədr müavini, sədr vəzifəsini icra edən Rövşən Sadıxov məlumat verib ki, təmir işləri zamanı 5,1 kilometrlik Şahtaxtı gömrük avtomobil yolunun alt təbəqəsi qum-çınqıl materialı verilməklə möhkəmləndirilib və avtomobillərin daha rahat hərəkəti üçün yol yatağı genişləndirilib. İki hərəkət zolağından ibarət yola ikiqat yeni asfalt örtüyü verilib, hərəkətin təhlükəsizliyi təmin olunub.
Şərur rayonunun Təzəkənd avtomobil yolu ilə tanışlıq zamanı isə bildirilib ki, yolda əsaslı təmir işləri “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılıb. Avtomobil yolunun 1,9 kilometrlik hissəsinə bir, 4,4 kilometrlik hissəsinə isə ikiqat asfalt örtüyü salınıb. Yağış və qrunt sularının kənarlaşdırılması üçün yol kənarlarına 700 m uzunluğunda beton su kanalı çəkilib, 38 metal boru su keçidi quraşdırılıb.
Avtomobil yolu ilə tanışlıqdan sonra kənd sakinləri ilə səmimi görüş olub. Sakinlər uzun zamandır təmirə ehtiyac duyulan yollarda yaradılan müasir şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.
***
Həmin gün səlahiyyətli nümayəndə Fuad Nəcəfli ötən il əsaslı təmirdən sonra istifadəyə verilən Təzəkənd tam orta məktəbində yaradılan şərait və tədrisin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, 110 yerlik məktəb binasında tədris imkanları müasir tələblərə cavab verir. Məktəbin kollektivi yaradılan tədris şəraitinə görə minnətdarlıqlarını bildiriblər.