Muxtar respublikada kənd təsərrüfatının siyahıyaalınması davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı ilə 2025-ci il iyulun 15-dən başlayaraq Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçirilir.
Kənd təsərrüfatının siyahıyaalınmasının muxtar respublikada mütəşəkkil yerinə yetirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 28 dekabr tarixli 132s nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası yaradılmışdır. Bundan əlavə, muxtar respublikanın şəhər və rayon icra hakimiyyətləri başçılarının müvafiq sərəncamları ilə inzibati ərazi vahidləri üzrə müvafiq yardım komissiyaları yaradılıb.
Məlumat üçün bildirilir ki, muxtar respublikada 75079 təsərrüfat sorğuya cəlb olunacaqdır. Bir sayıcı 1 ay ərzində orta hesabla 120 təsərrüfatda sorğu keçirəcəkdir. Hər bir sayıcının gün ərzində 4 təsərrüfatda sorğu keçirilməsi planlaşdırılıb. Hazırda muxtar respublika üzrə 9 gün ərzində 26987 təsərrüfat sorğuya cəlb olunmuşdur.