Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

20 oktyabr Ümumdünya Statistika Günüdür

...

Statistika qədim dövrlərdən bu günə qədər insan cəmiyyətlərinin idarə olunmasında, sosial və iqtisadi qərarların qəbul edilməsində mühüm rol oynamışdır. Tarixboyu dəyişən ehtiyaclara uyğun olaraq statistika da daim inkişaf etmiş, sadə sayma və qeydiyyatdan başlayaraq bu gün süni intellekt və böyük məlumat analizlərinə qədər genişlənmişdir.

XXI əsrdə statistika təkcə akademik və hökumət strukturları üçün deyil, həm də biznes, maliyyə, səhiyyə, süni intellekt və informasiya texnologiyaları sahəsində əsas rol oynayır. Bu gün statistik analizlərin aparılmasında kompüter proqramlarından geniş istifadə olunur.

Rəqəmsallaşma dövründə statistika daha da güclənib. Süni intellekt, böyük verilər, məlumat analitikası kimi texnologiyalar statistik təhlillərin daha sürətli və dəqiq aparılmasına imkan verir. Eyni zamanda məlumatların təhlükəsizliyi və məxfiliyi kimi məsələlər də daha çox önə çıxır. Beynəlxalq təşkilatlar – Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və digər qurumlar statistik məlumatlardan istifadə etməklə ölkələrin vəziyyətini müqayisə edir, ehtiyac duyulan sahələrə dəstək göstərir və qlobal siyasətlərin formalaşmasına töhfə verir.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər beş ildən bir 20 oktyabr tarixdə Ümumdünya Statistika Günü qeyd olunur. Bu təşəbbüs ilk dəfə 2010-cu ildə irəli sürülüb. Statistik məlumatların əhəmiyyəti, keyfiyyətli və etibarlı statistikanın sosial və iqtisadi inkişafdakı rolu haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə qeyd olunur. İlk dəfə 2010-cu ildə “Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi” şüarı ilə, 2015-ci ildə “Daha təkmil statistika, daha yaxşı həyat” şüarı ilə, 2020-ci ildə “Dünyanı etibarlı məlumatlarla birləşdirmək” şüarı ilə qeyd olunub. Növbəti Ümumdünya Statistika Günü 20 oktyabr 2025-ci il tarixində “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı ilə keçirilir.

2025-ci il 24-26 sentyabr tarixlərdə Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirildi. Foruma beynəlxalq statistik layihələrin perspektivləri, metodologiyalar, informasiya texnologiyaları və statistika sahəsindəki beynəlxalq əməkdaşlıq kimi mövzular daxil edilib.

Forum Dövlət Statistika Komitəsi ilə Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirildi. Forumda 15 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndələri, elmi ictimaiyyət və ekspertlər iştirak etmişdilər. Müzakirə mövzuları arasında “Milli Hesabat Sistemi və beynəlxalq statistik metodologiyalar”, “Əhali və mənzil fondu siyahıyaalınması 2030-cu il dövrü üçün”, “Dayanıqlı İnkişaf Məqsədləri monitorinqi”, “İnformasiya texnologiyaları, statistika məlumatlarının inteqrasiyası, institusional struktur və səriştəlilik məsələləri” yer almışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forum iştirakçılarına ünvanladığı müraciətində bu tədbiri beynəlxalq əməkdaşlığı genişləndirmək və metodoloji yenilikləri tətbiq etmək üçün universal platforma kimi qiymətləndirmiş və müraciətində qeyd etmişdir ki, milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir və rəsmi statistika sahəsində innovasiyalara, rəqəmsal transformasiyaya, süni intellektə önəm verilir.

Bu forumlar Azərbaycanın statistik sahədə beynəlxalq arenada aktiv rol oynadığını və dünya statistik standartlarına inteqrasiya etməyə can atdığını göstərir. Forumlar elmi təcrübə mübadiləsi, beynəlxalq layihələrin koordinasiyası və  yerli statistikanın keyfiyyətinin yüksəldilməsi üçün platforma rolunu oynayır. Gələcəkdə bu tip forumların davamlı keçirilməsi, iştirakçıların sayının artırılması və yerli statistika orqanlarının forumlara daha çox inteqrasiya  olunması sahənin inkişafına müsbət təsir göstərə bilər.

Azərbaycan Respublikasında rəsmi statistika sahəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, bu sahədə ardıcıl islahatlar həyata keçirilmişdir. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyası çərçivəsində statistik sistemin hüquqi və institusional əsasları formalaşdırılmış, müasir çağırışlara cavab verən milli statistika modeli yaradılmışdır.

Bu sahədə ardıcıl olaraq icra edilmiş 6 Dövlət Proqramı, o cümlədən  “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, inzibati məlumatlardan istifadəni genişləndirməklə ölkənin dayanıqlı inkişafı ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyətli idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətlərində mühüm tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, qəbul edilmiş müxtəlif dövlət proqramları və strategiyalar üzrə qarşıya qoyulmuş hədəflərə, habelə dayanıqlı inkişaf məqsədlərinə nailolma vəziyyətinin statistik qiymətləndirilməsi, artan istifadəçi tələbatının qarşılanması, eləcə də  beynəlxalq müqayisəliliyin təmin olunması üçün tətbiq olunan statistik metodologiya, təsnifat və digər standartlarda baş verən dəyişiklik və   təkmilləşmələr rəsmi statistikanın inkişafı ilə bağlı yeni strateji hədəflərin müəyyənləşdirilməsini və reallaşdırılmasını şərtləndirmişdir.    

Rəsmi statistika məlumatlarının beynəlxalq səviyyədə müqayisə oluna bilməsi üçün milli statistika sisteminin beynəlxalq tələblərə uyğun şəkildə təkmilləşdirilməsi və qlobal statistika mühitinə inteqrasiyası məqsədilə “2026-2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır.

Müvafiq Dövlət Proqramının layihəsinə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması, əldə edilən statistik məlumatların yayımı, ümumilikdə, rəsmi statistika qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, habelə milli statistika sisteminin növbəti çoxillik dövr üzrə strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsi məsələləri daxil edilib.

Statistik məlumatlar beynəlxalq təşkilatlar üçün ölkənin “rəqəmsal pasportu” rolunu oynayır və bu məlumatlar dəqiq və şəffaf olduqda, ölkə daha yaxşı tanınır. Statistik göstəricilər ölkənin beynəlxalq layihələrə, qlobal təşəbbüslərə uyğunluğunu sübut edir. Ölkələrin inkişaf səviyyəsinin qiymətləndirilməsində rəsmi statistika mühüm rol oynayır.

Ümumdünya Statistika Günü yalnız statistik rəqəmləri deyil, bu rəqəmlərin arxasında duran insan həyatı, qərarlar və gələcək planları əks etdirir. Bu gün bizi əhatə edən dünyanı daha yaxşı anlamaq, daha effektiv qərarlar qəbul etmək və inkişafı düzgün istiqamətləndirmək üçün statistik məlumatların vacibliyini qeyd etmək bir fürsətdir.

Bu mühüm gün Naxçıvan Muxtar Respublikasında da xüsusi önəm daşıyır. Çünki muxtar respublikada aparılan dəqiq və operativ statistik müşahidələr regional siyasətin formalaşmasında və əhalinin rifah halının yüksəldilməsində mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikasında statistik xidmətin formalaşması ötən əsrin əvvəllərinə gedib çıxır. Lakin bu sahədə sistemli və müasir yanaşmalar son onilliklərdə daha da inkişaf etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi bölgədə aparılan statistik müşahidələrin təşkilində, məlumatların toplanması, təhlili və yayımında əsas icraedici qurum kimi çıxış edir. Statistik məlumatlar muxtar respublikanın əhalisinin sayı və demoqrafik quruluşu, kənd təsərrüfatı və sənaye istehsalı, tikinti və xidmət sahələri, səhiyyə və təhsil göstəriciləri, məşğulluq və sosial rifah durumu kimi sahələrdə real mənzərə yaratmağa imkan verir. Məhz bu məlumatlara əsaslanaraq idarəetmədə çevik və effektiv qərarlar qəbul olunur.

Statistika Günü yalnız bir peşə bayramı deyil, həm də dəqiq, şəffaf və dayanıqlı idarəetmənin rəmzidir. Ölkəmizdə, o cümlədən muxtar respublikada bu sahədə görülən işlər bir daha sübut edir ki, düzgün və operativ məlumat uğurlu qərarların və davamlı inkişafın əsas amilidir.