Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilir
Sentyabrın 28-də - tədbirin birinci günü günündə karbohidrogen və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, enerji tənzimləmə, bərpa olunan enerjidən istifadə və mədənçilik istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçirilib.
Ümummilli Lider “Heydər Əliyev İli”ndə, dahi rəhbərin anadan olmasının 100 illiyi münasibətilə keçirəln konfransın növbəti günü əvvəlcə Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib, önünə tər gül dəstələri qoyulub. Konfrans iştirakçıları Heydər Əliyev Muzeyinə gəlib, dünya şöhrətli siyasi xadimin şərəfli ömür yolunu, siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı olub. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və digər rəsmi şəxslər çıxış ediblər. Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə ikitərəfli görüş keçirilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Konfransın enerji keçidi, yaşıl enerji zonası, Naxçıvanın yaşıl enerji potensialı və digər mövzularda plenar sessiyalar keçirilir.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.