Azərbaycan-Türkiyə III Enerji Forumunun açılış sessiyasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edib
Hörmətli forum iştirakçıları, əziz qonaqlar!
Hər birinizi Naxçıvanda salamlayır, Azərbaycan-Türkiyə III Enerji Forumunun və “Naxçıvan - Yaşıl Enerji Zonası” mövzusunda beynəlxalq konfransın açılışı münasibətilə təbrik edirəm!
Azərbaycan-Türkiyə III Enerji Forumunun və “Naxçıvan - Yaşıl Enerji Zonası” mövzusunda beynəlxalq konfransın “Heydər Əliyev İli”ndə və dahi şəxsiyyətin doğulduğu Naxçıvan şəhərində keçirilməsi olduqca əhəmiyyətlidir. Ulu Öndər müstəqilliyimizin ilk illərində ölkəmizi üzləşdiyi ağır iqtisadi və siyasi vəziyyətdən şərəflə çıxarmış, “Əsrin müqaviləsi” ilə yeni enerji strategiyasının əsasını qoymuşdur. Ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər müstəqilliyimizin möhkəmləndirilməsi yolunda mühüm amilə çevrilmişdir.
Bu bir reallıqdır ki, enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyada dövlətlərin iqtisadi və siyasi gücü bir çox cəhətdən enerji təhlükəsizliyi məsələləri ilə ölçülür. Daha doğrusu enerji təhlükəsizliyi sabitliyin və təhlükəsizliyinə qarantı hesab edilir. Məhz bu baxımdan Ümummilli Liderimiz Heydər Əliyevin enerji strategiyası ölkəmizə yalnız iqtisadi deyil, həm də siyasi dividendlər qazandırır.
Tədbirin növbəti ən mühüm əhəmiyyəti isə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq müstəvisində baş tutmasıdır. Bu gün Azərbaycan-Türkiyə əlaqələri regionda yeni reallıqlar yaradır ki, bunun da ən mühüm cəhətlərindən biri enerji sahəsindəki uğurlu tərəfdaşlıqdır. Təbii ki, ikitərəfli münasibətlərimizdən danışırıqsa, Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Əgər 1991-1993-cü illərdə Ulu Öndər Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi Türkiyə ilə ikitərəfli əlaqələrin inkişafına nail olmuşdursa, müstəqil Azərbaycana rəhbərliyi dövründə isə dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirmişdir.
Bu gün Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir və bu siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Ölkədə və regionda enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması dövlət başçısı tərəfindən həyata keçirilən enerji siyasətinin səmərəli nəticələridir. Təbii ki, enerji siyasətindən danışırıqsa, Azərbaycan-Türkiyə tərəfdaşlığı xüsusi qeyd olunmalıdır.
Bu gün hər iki ölkə Prezidentlərinin iradəsinin nəticəsidir ki, Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. İstər 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə, istərsə də antiterror əməliyyatlarlarının uğurla başa çatması əlaqələrimizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın enerji potensialında səmərəli istifadə və muxtar respublikanın yaşıl enerji zonasına çevrilməsi sahəsində nəzərdə tutulan layihələr mühüm əhəmiyyət daşıyır. Yaxın perspektivdə qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisini Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir.
Naxçıvan Muxtar Respublikasında yaşıl enerji konsepsiyasının həyata keçirilməsi və enerji potensialından səmərəli istifadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir və bu məqsədlə sistemli işlər aparılır.
Belə ki, “Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyasının bu il iyunun 3-də Naxçıvan şəhərində keçirilməsi, bu zaman Azərbaycan Respublikasının Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında Anlaşma Memorandumunun, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Management” MMC arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması, həmçinin muxtar respublikada günəş elektrik stansiyalarının tikilməsi üçün müvafiq ərazilərin müəyyənləşdirilməsi bu sahədə atılan mühüm addımlardır.
Dövlət başçısının 2023-cü il 5 iyun tarixli müvafiq Sərəncamına əsasən qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 6-cı prioritet istiqaməti elektrik enerjisinin istehsalının və ixracının artırılmasıdır. Dövlət Proqramında elektroenergetika infrastrukturunun yenilənməsi ilə paralel olaraq, həm də Azərbaycan-Türkiyə yüksəkgərginlikli elektrik xətlərinin layihələndirilməsi əsas məsələlər sırasında yer alıb.
Onu da qeyd edim ki, Dövlət Proqramına uyğun olaraq Naxçıvanda elektroenergetika sistemi tamamilə yenidən qurulacaqdır. Proqramda nəzərdə tutulduğu kimi Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyə Respublikasının enerji sistemi vasitəsilə aparılması və Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq, bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcəkdir.
Naxçıvan Muxtar Respublikasında mövcud elektrik stansiyalarının modernləşdirilməsi və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yenilərinin tikilməsi, bərpa olunan enerji resurslarından (əsasən, günəş) və dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə etməklə elektrik enerjisi istehsalının artırılması və yeni layihələrin icrası daha çox elektrik enerjisi ixracının həyata keçirilməsini təmin edəcəkdir. Həmçinin mövcud elektrik enerjisi xətlərinin və yarımstansiyaların müasir tələblərə uyğun olaraq yenidən qurulması, enerji sistemini operativ idarə etmək, enerjinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparılmaq üçün SCADA (nəzarət və məlumatların toplanması sistemi) mərkəzinin yaradılması elektrik təchizatı infrastrukturunun səmərəliliyinin artması, elektrik istehsalı və təchizatı sistemlərində itkilərin davamlı azalması ilə nəticələnəcəkdir.
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvanda təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri də məhz “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı müəyyənləşdirilən əsas tədbirlərdəndir.
Dövlət başçısının sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər, hesab edirəm ki, forum və konfrans çərçivəsində müzakirə olunacaq məsələlərin əsas istiqamətlərini müəyyən edir.
Hörmətli forum iştirakçıları!
Düşünürəm ki, Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” mövzusunda keçirilən beynəlxalq konfrans yeni layihələrin reallaşdırılmasına zəmin hazırlayaraq iki ölkə arasında strateji enerji əməkdaşlığını daha da möhkəmləndirəcək, ən əsası isə Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcəkdir. Nəticədə Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcəkdir.
Bu xoş niyyətlərlə forumun işinə uğurlar arzulayır, təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm!
Sağ olun!