Səlahiyyətli nümayəndə “Naxçıvan Şəhid Ailələri” və “Naxçıvan Qaziləri” ictimai birliklərinin nümayəndələrini qəbul edib
Dekabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda yeni yaradılan “Naxçıvan Şəhid Ailələri” və “Naxçıvan Qaziləri” ictimai birliklərinin nümayəndələrini qəbul edib.
Görüşdə Fuad Nəcəfli vurğulayıb ki, müzəffər Ali Baş Komandanımızın, qəhrəman şəhid və qazilərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Dövlət bayrağımız bütün bölgələrimizdə dalğalanır. Xalqımız gələcəyə böyük ümidlərlə baxır, fəxarətlə qurub yaradır. Naxçıvan da bu proseslərdən kənarda qalmır və 2024-cü il muxtar respublikada quruculuq ili kimi yadda qalacaq. Qəhrəman şəhidlərimizin xatirəsi əbədiləşdirilir. Bu il Babəkdə Şəhidlər Memorial Abidə Kompleksi istifadəyə verilib. Hazırda Şərurda və digər bölgələrdə də belə komplekslər tikilib istifadəyə veriləcək.
Ötən dövrdə şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirildiyini və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirən səlahiyyətli nümayəndə ictimai birliklərin yaradılmasını şəhid ailələri və qazilərin problemlərinin həlli, eləcə də müvafiq tədbirlərin təşkili məsələlərində səmərəliliyin artırılmasına töhfə kimi dəyərləndirib. Bildirib ki, hər iki birliyin fəaliyyəti üçün lazımi şərait yaradılıb və bu istiqamətdə işlər davam etdiriləcək.
Səlahiyyətli nümayəndə “Naxçıvan Şəhid Ailələri” və “Naxçıvan Qaziləri” ictimai birlikləri ilə sıx əməkdaşlığın vacibliyini önə çəkərək vurğulayıb ki, şəhid ailələri, qazilərlə bağlı təşkil olunacaq tədbirlər, keçiriləcək görüşlər mərkəzləşdirilmiş qaydada, koordinasiyalı və planlı şəkildə yerinə yetirilməlidir.
İctimai birliklərin nümayəndələri səmimi görüşə görə minnətdarlıq edib, Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlətimizin qayğısını hər zaman üzərlərində hiss etdiklərini bildiriblər. “Naxçıvan Qaziləri” İctimai Birliyinin yeni ofisinin istifadəyə verilməsini və fəaliyyət üçün hər cür şəraitin yaradılmasını bu tədbirlərin davamı kimi yüksək qiymətləndiriblər. Birlik üzvləri bundan sonra da müvafiq tədbirlərin təşkilində, eləcə də mərd oğullarımızın qəhrəmanlıqlarının gənc nəslə aşılanmasında, onların vətənpərvər ruhda yetişməsində daha yaxından iştirak edəcəklərini ifadə ediblər.