Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “Suveren Azərbaycanın qüdrətli sərkərdəsi” mövzusunda tədbir keçirilib

...

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov çıxış edərək bildirib ki, son dövrlər ölkəmizin suverenliyi istiqamətində atılan zəruri addımlara və qazanılan uğurlara mühüm tarixi hadisə kimi şahidlik edirik. Heç şübhəsiz ki, qazanılmış bu uğurlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və onun layiqli davamçısı - müzəffər Ali baş komandan İlham Əliyevin gərgin və qətiyyətli fəaliyyəti nəticəsində əldə olunmuşdur.

 

Məlum olduğu kimi Azərbaycan xalqı 20 il bundan öncə, oktyabr ayının 15-də keçirilmiş növbəti Prezident seçkilərində öz seçimini etmiş, ümumilli liderimizin siyasi kursunun layiqli davamçısı, qüdrətli Azərbaycanın inkişafının təminatçısı olan Prezidentimiz İlham Əliyevə səs vermişdir.

Komitə sədri bildirib ki, ölkəmizin kompleks inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərlə bərabər, regionların sosial-iqtisadi inkişafı məqəsədilə qəbul edilmiş 4 dövlət proqramının uğurlu icrası inkişafın yeni modelini müəyyən etmişdir. Həyata keçirilən tədbirlər öz nəticəsini vermiş, 2022-ci ildə ümumi daxili məhsul istehsalı 2004-cü ilə nisbətən 3 dəfədən çox artmışdır. İqtisadi artım bütün makroiqtisadi göstəricilərdə öz əksini tapmışdır.

Vurğulanıb ki, ordu quruculuğu istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tarixə qızıl hərflərlə Zəfər salnaməsi yazmış, 30 illik işğalçılıq siyasətinə son qoyulmuş, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Eyni zamanda, bu ilin sentyabr ayında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində 24 saatdan az bir müddətdə düşmənin qanunsuz silahlı birləşmələrinin təslim edilməsi, terrorçuların cəzalandırılması və suverenliyimizin tam təmin olunması ilə Azərbaycan gücünü bir daha bütün dünyaya nümayiş etdirmişdir.

Qeyd edilib ki, Son günlərdə müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərsəng su anbarına, Xocalı, Əsgəran, Ağdərə və Xankəndinə səfəri və Dövlət Bayrağımızın həmin yerlərdə qürurla ucaldılması Müstəqil Azərbaycanımızın qarşısındakı növbəti hədəflərə  çatması üçün inamlı zəmin yaradıb.

Tarixi Qələbəmizin ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması sahəsində görülən işlərdir. İstər dəhlizin açılışı istiqamətində görülən işlər, istərsə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası doğma Naxçıvanımızın inkişafında yeni və ən mühüm mərhələnin əsasını qoyacaqdır.

Hüseyn Bağırov çıxışının sonunda həm “Heydər Əliyev İli”, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar məsuliyyətini dərindən dərk edən Komitənin hər bir əməkdaşı Qalib Liderin rəhbərliyi ilə növbəti onilliklərdə də Azərbaycan xalqının öz tarixinin yeni və şanlı səhifələrini yazacağına, bütün sahələrdə möhtəşəm inkişaf naminə yüksək zirvələr fəth edəcəyinə əminliyini bildirib.

Tədbirdə Komitənin şöbə müdirləri Rəhim Əsgərov və Pərvin Hacıyevin mövzu ilə bağlı çıxışları dinlənilib.

        Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 20 illik fəaliyyətinin qısa bir dövrünü əhatə edən videoçarx izlənilib.