Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

...

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Həbib Rzayev “Uşaq Hüquqları Aylığı” barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi, bu il də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində, oktyabrın 20-dən noyabrın 20-dək olan müddət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilib.

Qeyd olunub ki, aylığın keçirilməsində əsas məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, ictimaiyyətin bu sahədə məlumatlılığının artırılması, uşaq hüquqlarının qorunmasına diqqətin daha da gücləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin bu istiqamətdə maarifləndirilməsidir.

Həbib Rzayev ölkəmizdə uşaqların hüquq və mənafelərinin müdafiəsi, onların hərtərəfli inkişafı üçün yaradılan imkanlar, həmçinin uşaq hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.

Tədbirdə Komitənin əməkdaşı Türkan Hümbətovanın “Uşaq hüquqlarının həyata keçirilməsinin statistika sahəsində təmin edilməsi” mövzusunda çıxışı dinlənilib.

Çıxış zamanı uşaq hüquqlarının təmin edilməsinin qiymətləndirilməsində rəsmi statistikanın əhəmiyyətindən bəhs edilib, muxtar respublikada uşaqların demoqrafik göstəriciləri, təhsil və digər sosial sahələr üzrə statistik məlumatlar diqqətə çatdırılıb.

Bildirilib ki, 1 yanvar 2026-cı il tarixə muxtar respublikada uşaqların sayı 112 min 543 nəfər olub. Onların 58 min 906 nəfərini və ya 52,3 faizini oğlanlar, 53 min 637 nəfərini və ya 47,7 faizini qızlar təşkil edib.

Qeyd olunub ki, uşaqların fundamental hüquqlarından biri təhsil almaq hüququdur. 2025-ci ilin sonuna muxtar respublikada fəaliyyət göstərən 23 məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı 3 772 nəfər olub. 2025/2026-cı tədris ilinin əvvəlinə isə muxtar respublikada fəaliyyət göstərən 213 ümumtəhsil müəssisəsində 50 min 932 şagird təhsil alıb. Onların 24 min 407 nəfərini qızlar təşkil edib.

Çıxışda vurğulanıb ki, uşaqların sayı, onların yaşayış yeri, təhsilalma göstəriciləri və digər sosial-demoqrafik məlumatların mütəmadi olaraq toplanılması və təhlil edilməsi uşaq hüquqlarının vəziyyətinin qiymətləndirilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və səmərəli qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.