Yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında Statistik olimpiada keçirilib
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan "Yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında Statistik olimpiada” keçirilib.
387 şagird, 25 tələbə olmaqla, ümumilikdə muxtar respublika üzrə 412, ölkə üzrə isə 3309 nəfər Olimpiadada iştirak edib.
Test tapşırıqları ilə onlayn formatda keçirilən olimpiadada tələbə və şagirdlər statistika ilə bağlı, eləcə də ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair suallara real vaxt rejimində düzgün cavab vermək üçün yarışıblar.
Statistik olimpiadanın oktyabrın 19-da keçirilmiş 1-ci mərhələsində muxtar respublikanın 8 tələbə və 37 şagirdi qalib olub. 25 oktyabr tarixdə isə olimpiadanın 2-ci mərhələsi reallaşıb. Naxçıvan Dövlət Universitetinin 1, “Naxçıvan” Universitetinin 1 tələbəsi və Şərur şəhər 2 saylı tam orta məktəbin 1 şagirdi isə finalda iştirak etmək hüququ qazanıb.
Olimpiadanın final mərhələsi noyabr 3-də Dövlət Statistika Komitəsinin inzibati binasında müsabiqə formasında keçirilib. Final mərhələsinə yüksəlmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, ilk 3 yeri tutan tələbə və şagirdlərə isə diplom və hədiyyələr təqdim olunub.