Naxçıvanda şəhid ailələri və qazilərlə görüş olub

...

Noyabrın 3-də - Zəfər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələri və qazilərlə görüşüb.

Naxçıvan şəhərindəki Heydər Əliyev sarayında keçirilən görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının Zəfər salnaməsi, gənc nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsidir. Azərbaycanın bu gün əldə etdiyi bütün uğurların təməli Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyindən başlayır. Məhz bu dövrdən etibarən Ümummilli Liderin səyləri nəticəsində ölkəmizdə milli kadrların yetişdirilməsinə başlanılıb, respublika iqtisadiyyatının inkişafı üçün mühüm addımlar atılıb. Xüsusilə həmin dövrdən başlayaraq milli hərbi kadrların hazırlanması həm birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində öz sözünü deyib.

Qeyd olunub ki, Heydər Əliyev irsinin layiqincə davam etdirilməsinin nəticəsidir ki, dövlət başçısı cənab İlham Əliyev son 20 illik prezidentlik fəaliyyəti nəticəsində Azərbaycan bir sıra uğurlara imza atıb. Bu dövrdə həm iqtisadi göstəricilər, həm də ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər 44 günlük Vətən müharibəsində böyük Zəfərin qazanılmasına imkan verib. Həmçinin, bu ilin sentyabr ayında rəşadətli ordumuz tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri bir daha ordumuzun gücünü göstərməklə bərabər, suverenliyimizin də bərpa olunması ilə nəticələnib.

Vurğulanıb ki, istər Vətən müharibəsi dövründə, istərsə də ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində igid oğullarımız böyük qəhrəmanlıq göstərərək şəhid və qazi olublar. Bu gün ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin də əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyətin bu sahədə müəyyənləşdirdiyi ən ciddi islahat şəhid ailələri və qazilərin sağlamlıqlarının və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, onların dövlət hesabına mənzillər və minik avtomobilləri ilə təmin edilməsidir. Ulu Öndər deyirdi ki, “Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət bu gün uğurla davam etdirilir. Şəhid ailələrinə diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindəndir. Dövlət başçısının qayğısı ilə bu kateqoriyadan olan vətəndaşlara mənzillər və avtomobillər verilir, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği mütəmadi artırılır, bu kateqoriyadan olan insanların övladlarına aylıq sosial müavinət verilir.

Diqqətə çatdırılıb ki, bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Belə ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada 31 şəhid ailəsi üzvü, 250 qazi və müharibə iştirakçısı daimi işlə təmin olunub, 18 nəfər şəhid ailəsi üzvü, 30 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs və müharibə iştirakçısı haqqı ödənilən ictimai işlərə cəlb edilib. 40 nəfər şəhid ailəsi üzvü, 65 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs və müharibə iştirakçısı özünüməşğulluq proqramı üzrə qeydiyyata alınıb, aktivlərlə təmin olunması istiqamətində iş aparılır.

Zəfər Günü ərəfəsində 7 şəhid ailəsi və 8 qazinin mənzillə təmin olunacağını bildirən səlahiyyətli nümayəndə 171 şəhid ailəsi üzvünün və qazinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıdığını, mənzili yanan 1 şəhid ailəsinin evinin yenidən tikildiyini diqqətə çatdırıb. Bildirilib ki, bəhs olunan dövrdə 12 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs avtomobillə təmin edilib. 109 nəfər şəhid ailəsi üzvünə və 75 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“Dəstək” Fondu) tərəfindən 439 min 583 manat vəsait ödənilib. Bununla bərabər, dövlət qurumlarının əməkdaşları tərəfindən şəhid ailəsinin üzvləri 500 dəfəyə yaxın ziyarət olunub.

Sonra şəhid ailəsi üzvlərinin və qazilərin problemləri dinlənilib, sualları cavablandırılıb, onların müraciətləri protokollaşdırılıb.

Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi üzvlərini və qaziləri 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.